Putin-Tramp “məyusluğu”: Sülh gözləntisi niyə gerçəkləşmədi? – ÖZƏL
6 Avqust 2025 13:23 SiyasətVladimir Putin, Belarus prezidenti ilə Valaamda jurnalistlərə açıqlamasında bildirib ki, "bütün məyusluqlar aşırı gözləntilərdən yaranır". Bu sözlərlə o, ABŞ prezidenti Donald Trampın Rusiyadan məyusluğunu şərh edib. Tramp Ukraynada atəşkəs üçün Rusiyaya əvvəlcə 50, daha sonra isə 10 gün vaxt vermişdi. Putin isə bildirib ki, danışıqlar ictimai deyil, səssiz şəraitdə aparılmalıdır.
Maraqlıdır, Putinin "məyusluq gözləntilərdən yaranır" mesajı Trampın Ukrayna ilə bağlı mövqeyinə və ABŞ-nin bu prosesdəki roluna hansı eyhamları ehtiva edir?
"Beynəlxalq münasibətlərdə respublikaçılar ideoloji prinsiplərə deyil, daha çox praktik hədəflərə üstünlük verirlər. Onlar realist siyasətin tərəfdarları olub və bu baxımdan Rusiya ilə ideoloji müharibə aparmayan prezidentlərlə işləmək onlar üçün daha rahat olub. Bu səbəbdən Donald Trampdan, onun praktik yanaşmasından çıxış edərək, Ukrayna ilə bağlı Rusiyaya uyğun bir sülh anlaşmasının imzalanacağına ümid edirdilər. Lakin bu baş vermədi. Çünki Rusiyanın təsəvvür etdiyi reallıqla Trampın baxışları tamamilə fərqli idi".

Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən siyasi şərhçi Vaqif Hüseyn deyib. Siyasi şərhçi bildirib ki, Tramp sırf biznesmen təfəkkürü ilə düşünürdü ki, danışıqlar yolu ilə, kompromis və ya maliyyə sövdələşmələri ilə bu problemi həll etmək mümkündür. Ancaq o, nə Avropanı, nə Rusiyanı, nə də Ukraynanı yetərincə tanımırdı: "Tramp və komandası anlamadı ki, hazırda baş verən müharibə sırf ideoloji xarakter daşıyır. Bu savaşda tərəflər öz ideologiyalarını nə qədər müdafiə edə bildikləri ilə ölçülür.
Rusiyanın məqsədi isə daha dərindir. O, "böyük Rusiya" və Avrasiyaçılıq ideologiyasına əsaslanaraq keçmiş sovet torpaqlarını geri qaytarmaq istəyir. Bu yanaşma XX əsrin ortalarındakı - xüsusilə 1940-cı illərdəki sovet məntiqindən qaynaqlanır. O zaman SSRİ, hətta ala bilmədiyi torpaqları Finlandiyadan zorla qoparmışdı. Bu gün Rusiya həmin prinsipə qayıdıb. Lakin bu dəfə Qərb anlayıb ki, qarşılarında yalnız Rusiya deyil, bütöv bir ideoloji savaş var. Bu qarşıdurmanın uduzan tərəfi isə çox ciddi və uzunmüddətli zərbə alacaq. Tramp və komandası isə bunu tam dərk etmədi. Onlar düşündülər ki, Tramp vasitəsilə razılaşma mümkündür, lakin reallıq fərqli oldu".
Siyasi şərhçinin sözlərinə görə, Rusiya-Ukrayna müharibənin bu qədər davam etməsinin, Rusiyanın planlarının həyata keçməməsinin başlıca səbəbi Ukrayna xalqının və ordusunun qəhrəmanlığıdır. Əgər bu möhkəm dirəniş olmasaydı, Trampdan əvvəlkilər belə çoxdan hansısa razılaşmaya gedə bilərdilər. Yəni, nə Tramp Rusiyanın gözləntilərini doğrultdu, nə də Rusiya Trampın təsəvvür etdiyi mənzərəni tapa bildi.
Səidə Ramazanova