“Həyat Üçün Ölkə” Partiyası Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün təkliflər irəli sürüb – ÖZƏL

"Həyat Üçün Ölkə" Partiyası Ermənistan ilə Azərbaycan arasında mövcud problemlərin həlli üçün bir sıra təkliflər irəli sürüb. 

Olaylar.az xəbər verir ki, bu barədə partiyanın həmtəsisçisi Mane Tandilyan sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Onun paylaşdığı təkliflər arasında aşağıdakı bəndlər yer alır:
    •    Azərbaycan bütün əsirləri və saxlanılan şəxsləri Ermənistana təhvil verir və onlara qarşı cinayət təqibini dayandırır;
    •    Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən dərhal çıxarılır;
    •    Dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi ATƏT-in "Dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası: çağırışlar və həllər" rəhbər sənədinə uyğun olaraq maksimum 3 il ərzində başa çatdırılır;
    •    Hər iki ölkənin rəsmiləri və cəmiyyətində qarşılıqlı nifrət ritorikasına son verilir;
    •    Əvvəllər imzalanmış sənədlərdəki qarşılıqlı öhdəliklər ləğv edilir;
    •    Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində və sərhəd boyunca beynəlxalq sülhməramlı qüvvələrin müddətsiz yerləşdirilməsi təmin olunur;
    •    Qarabağ ermənilərinin geri dönüşü və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu sülhməramlı qüvvələr fəaliyyət göstərəcək;
    •    Ermənistan ilə Qarabağ arasında fasiləsiz əlaqə və humanitar yardımın çatdırılması üçün beynəlxalq nəzarət təmin olunacaq;
    •    Ermənistan və Azərbaycan arasında yolların açılması və qarşılıqlı tranzit daşımalar üçün 20 il müddətinə ödənişsiz rejim tətbiq ediləcək;
    •    Hər iki ölkənin vətəndaşları və yükləri digər ölkənin ərazisindən keçərkən beynəlxalq müşayiət qrupları tərəfindən müşayiət olunacaq.

Təkliflərdə qeyd olunur ki, bu beynəlxalq sülhməramlı qüvvələr və müşayiət qrupları ABŞ-nin təşəbbüsü və rəhbərliyi ilə yaradılmalı, digər ölkələrin iştirakı isə yalnız Ermənistan, Azərbaycan və ABŞ-nin razılığı ilə mümkün olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31