Trampın Cənubi Qafqaz triumfu
10:03 SiyasətABŞ regionda geosiyasi mövqelərini gücləndirir, İlham Əliyevlə Paşinyanın Ağ Evdə görüşəcəyi iddialarının ardınca sərhəddə "atəş açılması" təxribatı
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın cümə günü Vaşinqtonda sülh sazişi imzalamaq üçün görüşə hazırlaşması barədə iddialar diqqəti yenidən Ağ Ev administrasiyasına yönəldib.
"Yeni Müsavat" xatırladır ki, ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoğlu öz sosial şəbəkə hesabında bu görüş haqda yazıb. Məlumat verib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini bu həftənin sonu Ağ Evdə qəbul edəcək. Raufoğlu yazıb ki, Tramp əvvəlcə Paşinyanla görüşəcək. O, daha sonra Prezident Əliyevlə bir araya gələcək. Bundan sonra üç lider birgə bəyanatla çıxış edəcək.
Məlum olduğu kimi, Tramp administrasiyası həmçinin Zəngəzur dəhlizi ilə bağlı plan təqdim edib. Bu plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətlərinə ABŞ-ın özəl şirkəti nəzarət etməlidir. Görünür, Ermənistan tərəfi bu variantı qəbul etməyə hazırdır. Buna görə də Ağ Evin Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı da elan etməsi istisna deyil.
Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib.
Cənubi Qafqaz ölkələri Ermənistan və Azərbaycan Rusiyanın təsirindən çıxaraq ABŞ-ın maraqlarına uyğun müstəqil inkişaf yolunu seçir. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Rusiya uzun müddət regionda vasitəçi rolunda çıxış edərək münaqişələri uzatmaq və Cənubi Qafqaz ölkələrini təcrid vəziyyətində saxlamaq üçün öz mövqeyindən istifadə edib. Lakin indi Ermənistan və Azərbaycan "Rusiya boyunduruğunu ataraq" ABŞ-la əməkdaşlığa əsaslanan yeni mərhələyə qədəm qoyurlar.
"Mərkəzi dəhlizin coğrafiyası ona unikal strateji və iqtisadi əhəmiyyət verir. İran və Rusiya kimi ABŞ-ın rəqibləri arasında yerləşən bu marşrut Mərkəzi Asiyadan Qərbə ticarət üçün yeganə maneəsiz yoldur. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan böyük enerji və təbii resurs ehtiyatlarına sahibdir", - deyə senator Deyns qeyd edib.
O, Tramp administrasiyasının səylərinin iki ölkə üçün tarixi imkan yaratdığını vurğulayıb. Onun fikrincə, hazırda yekunlaşdırılmaq üzrə olan razılaşma yalnız Cənubi Qafqaza və Mərkəzi Asiyaya deyil, ABŞ və onun müttəfiqlərinə də uzunmüddətli fayda verəcək.
"Regionda və bütün dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri bu razılaşmanı dərhal imzalamalıdır", - deyə o əlavə edib. Senator həmçinin qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi ABŞ-ın milli təhlükəsizliyi və İrandan qaynaqlanan təhdidlərə qarşı mübarizə baxımından həyati əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, görüş ərəfəsində ermənilər növbəti dezinformasiya yayıb. Guya Azərbaycan Ordusu atəş açıb. Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu (Zəngəzur-red.) ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qəbildən feyk məlumatlar görüş yaxınlaşdıqca arta bilər. Hətta şərti sərhəddə süni gərginlik və təxribatlar da mümkündür.
Elxan Mirzəyev
VHP sədrinin müavini, professor Elxan Mirzəyevin fikrincə, Tramp administrasiyası Rusiyanın "yaralarına duz basır". Onun sözlərinə görə, Ukrayna müharibəsində strateji mövqelərini itirə-itirə gedən Rusiyanın çıxarıldığı yerlərə ABŞ daxil olmağa çalışır. E.Mirzəyev bu regionlardan birini də Cənubi Qafqaz sayır: "Suriyada da eynisi baş vermişdi. Rusiyanın himayə etdiyi Əsədin devrilməsi nəticəsində Moskvanın bölgədə təsirləri azaldı. Suriyanın yeni hökumətini isə ABŞ və Avropa Birliyi dəstəklədi. Hazırda Rusiya Baltikyanı ərazilərə də diqqəti yönəldib. Bu da onun Cənubi Qafqaza nəzərlərinin azalmasına səbəb olub. Çünki Rusiya eyni vaxtda bir neçə cəbhədə strateji rəqabət apara bilmir, müharibə onu əldən salmaqdadır".
Professora görə, bu fürsətdən Tramp administrasiyası məharətlə istifadə edir: "Və nəticəsi Cənubi Qafqazda təsirlərini gücləndirməkdir. ABŞ liderinin cənab prezidentin çıxışını paylaşması, buna qədər sülh mesajları təsadüfi deyildi. Dövlət Departamenti də təsdiqləmişdi ki, Əbu-Dabi danışıqlarının təşkilində Ağ Ev təşəbbüskar olub. Həmçinin amerikalı hərbçilərlə ermənilərin birgə təlimləri olacaq. Yəni ABŞ bölgəyə hərtərəfli nüfuz etməkdədir. Bu da Rusiyanın reaksiyasını doğuracaq, amma effektiv olmayacaq. Moskvanın əlində bəzi təzyiq və müdaxilə imkanları qalıb ki, indi onlara əl atmaq özü üçün fəsad yarada bilər. Ona görə bəzi ənənəvi təxribat metodları işə düşə bilər, lakin bütün hallarda görüş baş tutmalıdır".
E.Mirzəyev əmindir ki, əgər sülh sənədi paraflansa, region geridönüşü olmayan bir mərhələyə daxil olacaq və Rusiya bunun qarşısını ala bilməyəcək, nəhayətdə isə sülh müzakirələrində vasitəçilik şansını həmişəlik itirəcək.
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, hələ ötən həftə ABŞ-ın yüksək səviyyəli diplomatları prezident Trampın tapşırığı ilə Bakıda olublar: "Görünür, amerikalı rəsmilər Bakının ardınca İrəvana da səfər ediblər. Bu xüsusi missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməkdir. Tərəflər Vaşinqton görüşündə sülh müqaviləsinin mətnini paraflaya bilərlər. Yekun sülh sazişinin bağlanması isə Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması ilə müşayiət oluna bilər. Vaşinqton görüşü baş tutarsa, Minsk Qrupunun buraxılması barədə birgə bəyanat imzalanması real variantlardan biridir".
Siyasi təhlilçi hesab edir ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşması həm də regionda öz geosiyasi mövqelərini gücləndirməyə yönəlib: "Bunun tərkib hissəsi olaraq Ermənistanda keçirilən birgə hərbi təlimlər də Rusiyanın mümkün təxribatlarının qarşısını almağa hesablanıb".