The Washington Post: ABŞ-da Azərbaycan və Ermənistan arasında SÜLH ELAN EDİLƏ BİLƏR

ABŞ prezidenti Donald Tramp bu həftənin cümə günü - avqustun 9-da Ağ Evdə  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Musavat.com xəbər verir ki, görüşün məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır.

Məlumatı "The Washington Post" qəzeti Ağ Evdəki iki yüksək vəzifəli məmura istinadla yayıb.

Qeyd edilir ki, tərəflər bu il ərzində artıq beynəlxalq vasitəçiliklə bir neçə dəfə görüş keçirsələr də, yekun sənəd imzalanmayıb.

Sonuncu görüş iyul ayında Birləşmiş Ərəb Əmirliklərində baş tutmuşdu. Bu dəfə isə Trampın şəxsi təşəbbüsü ilə Vaşinqtonda keçiriləcək zirvə sülhün imzası üçün real imkan kimi qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti bu görüşlə beynəlxalq konfliktlərin həllində vasitəçi rolunu daha da gücləndirmək və dünya liderlərinin ona bəxş etdiyi Nobel Sülh Mükafatı namizədliyini möhkəmləndirmək niyyətindədir.

Tramp iyun ayında Konqo və Ruanda arasında ABŞ vasitəçiliyi ilə əldə edilən sülh razılaşmasını Ağ Evdə imzalamış, eyni zamanda Hindistan-Pakistan və İsrail-İran münaqişələrində də ABŞ-ın "sülh diplomatiyası"nın rolunu vurğulamışdı.

"The Washington Post" yazır ki, Tramp seçki öncəsi çıxışlarında Ermənistanla bağlı açıqlamaları ilə diqqət çəkib. O, rəqibi Kamala Harris-i 120 min erməni xristianın "zorla didərgin salınmasına susmaqda" ittiham etmiş, özünün isə bu cür hallara qarşı "sülh və sabitliyi bərpa edəcəyini" vəd etmişdi.

Bu açıqlamalar onun ABŞ-da erməni diasporuna yönəlik mesajı kimi dəyərləndirilir. Lakin indi Tramp həm Əliyev, həm də Paşinyanı Ağ Evdə qəbul etməklə balanslı yanaşma nümayiş etdirməyə çalışır.

Hazırda Tramp bir neçə ölkə tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib. Kambocanın baş nazir müavini, İsrailin baş naziri Benyamin Netanyah və Pakistan hakimiyyəti artıq onun adını rəsmi şəkildə irəli sürüblər. Bu təşəbbüslər Trampın diplomatik uğurlarına verilən siyasi dəstək və həm də şəxsi nüfuzuna xoş münasibət kimi qiymətləndirilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Ağ Evdə keçiriləcək görüşdə tərəflər arasında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, erməni hərbi-siyasi ritorikasının cilovlanması, habelə Azərbaycanın Qarabağda tam suverenliyinin tanınması kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun lokal antiterror tədbirləri nəticəsində Qarabağda tam nəzarət bərpa olunub və separatçı rejim ləğv edilib. Bundan sonra regiondan on minlərlə erməni könüllü şəkildə Ermənistan ərazisinə keçmişdi.

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında keçiriləcək bu görüş, Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsasını qoya biləcək tarixi diplomatik mərhələ ola bilər. İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə baş tutacaq danışıqlardan gözləntilər böyükdür.

Sülh müqaviləsinin imzalanması həm region, həm də ABŞ üçün ciddi diplomatik qələbə olacaq. Tramp isə bu razılaşma ilə 2025-ci ilin Nobel Sülh Mükafatına gedən yolunu möhkəmləndirməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31