Ağ Ev görüşü: Azərbaycan-Ermənistan sülhü üçün dönüş nöqtəsi? - ÖZƏL
5 Avqust 17:04 SiyasətABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcək. Amerikada yaşayan jurnalist Aleks Raufoglu bildirib ki, Vaşinqtondakı bu görüşdə tərəflər sülh niyyətlərini rəsmi şəkildə bəyan edə bilərlər. Politoloqlar bunu Bakı və İrəvan arasında müharibədən sonrakı ən mühüm diplomatik addım hesab edirlər.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, bu görüşün xüsusi əhəmiyyəti var. Belə ki, bu görüşlə bir neçə məsələ öz həllini tapa bilər. Öncə, ABŞ-nin yenidən dünyanın geosiyasi arenasına və Cənubi Qafqaza qayıtmasının açıq əlamətləri görünür. Halbuki Bayden administrasiyasının sonuna yaxın artıq demək olardı ki, ABŞ dünyadakı proseslərə təsir imkanlarını zəiflədib. Eyni zamanda, Trampın siyasətini izləsəniz, onun komandası belə bir fikir formalaşdırmışdı ki, ABŞ dünya siyasətinə çox da müdaxilə etməyəcək.
İlk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər bu qədər yaxınlaşıb. Hətta Əbu-Dabi də keçirilən son görüşlər artıq demək olar ki, final mərhələsinə yaxınlaşırdı.
Bundan sonra keçiriləcək görüşlər tərəflərin bir-birinə daha da yaxınlaşması ilə nəticələnə bilər və buradan real sülh danışıqları ortaya çıxa bilər. Donald Tramp isə bu prosesə çox maraq göstərir. Dəfələrlə vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını öz siyasi uğurlarına əlavə etmək istəyir. Tramp bunu çoxdan istədiyi Nobel mükafatı yolunda da müəyyən üstünlük əldə etməsinə kömək edə bilər. Digər bir məsələ isə odur ki, ABŞ bu addımlarla Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini möhkəmlətməyə çalışır. Faktiki olaraq ABŞ düşünür ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaqla, Ermənistan-Azərbaycan sülh müqaviləsində vasitəçilik etməklə regionda nüfuzunu artırır və buradan Mərkəzi Asiyaya daha geniş çıxış əldə edə bilər. Bu, eyni zamanda Rusiyanın bölgədəki geosiyasi təsirinin azalmasına da səbəb ola bilər. Digər tərəfdən, artıq Azərbaycan və Ermənistan daha müstəqil aktorlar kimi çıxış edirlər. Rusiya və ABŞ arasında münasibətlərin gərginləşmısi, Azərbaycan və Ermənistanın sülh təşəbbüslərini daha sərbəst şəkildə ifadə etməsinə şərait yaradır. Tərəflər çalışacaqlar ki, bu dəfə bir sülh müqaviləsi bağlansın. Amma bu, yekun sülh müqaviləsi olacaqmı, yoxsa ilkin yanaşma və ya sadəcə bir qaralama versiya olacaqmı - bunu demək çətindir. Düşünürəm ki, hər halda bu, stereotipləri qıran böyük bir irəliləyiş olacaq. Yəni, sülh müqaviləsi tam şəkildə olmasa belə, ən azından sülhlə bağlı bir razılaşma, ümumi bir bəyanat imzalana bilər".
Zeynəb Mustafazadə