“Rusiya Qarabağ münaqişəsinin həllində deyil, davam etməsində maraqlı olub” – Əli Mustafa – ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiyskaya qazeta" qəzetində dərc olunan məqaləsində ATƏT-in və Minsk Qrupunun Qarabağ münaqişəsinin həllində uğursuz olduğunu bildirib. O qeyd edib ki, bu mexanizmlər nə tərəflər arasında real dialoq yarada bildi, nə də onları danışıqlar masasına gətirməyə nail oldu. Lavrovun sözlərinə görə, Qərb ölkələrinin Rusiya ilə əməkdaşlıqdan imtinası Minsk Qrupunu tamamilə funksiyasız hala salıb.

Maraqlıdır, Minsk qrupu öhdəliklərini yerinə yetirə bilmirsə, Rusiya onun buraxılması üçün niyə əsaslı addım atmır?  

"1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktı Avropada sülh və təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyırdı. Bu sənədin qəbulunda 35 dövlət - o cümlədən ABŞ, SSRİ, Kanada və əsas Avropa ölkələri iştirak edirdi. Azərbaycan-Ermənistan münaqişəsi baş verdikdən sonra ATƏT bu problemi həll etmək üçün təşəbbüs göstərdi və nəticədə Minsk Qrupu yaradıldı. Qrupun həmsədrləri Rusiya, Fransa və ABŞ oldu. Ancaq bu üç dövlət, xüsusilə də Rusiya, real nəticələr ortaya qoya bilmədi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, əslində, bu münaqişənin yaranmasında əsas rolu Rusiya oynayıb: "Qarabağda baş verən bütün dağıntılar, soyqırımlar - xüsusilə Xocalı soyqırımı, azərbaycanlıların Qarabağdan və ətraf ərazilərdən çıxarılması - bütün bu cinayətlərdə Rusiya Ermənistanla birlikdə hərəkət edib. Məqsəd Cənubi Qafqazda bir münaqişə ocağı yaradaraq bölgədə qalmaq və təsirini qorumaq idi. Lavrovun bu mövzu ilə bağlı açıqlamaları isə reallıqdan uzaq və əsasızdır. Rusiya bu münaqişənin müəllifi idi. Onun həll olunması isə Rusiyanın bölgədən çıxmasına səbəb olacaqdı. Bu səbəbdən də Rusiya münaqişənin çözümündə maraqlı olmayıb. Əksinə, münaqişəni saxlamaq, dondurmaq və bu yolla bölgədə qalmaq istəyi güdüb. Lakin bu arzu reallaşmadı. Geosiyasi vəziyyət, beynəlxalq münasibətlər və regional dinamika dəyişdi. Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya-Ermənistan münasibətlərində çat yarandı və bu vəziyyətdən istifadə edən Azərbaycan işğal altında olan torpaqlarını azad etdi".

Siyasi şərhçinin sözlərinə görə, əgər böyük dövlətlər istəsəydilər, bu münaqişəni çoxdan həll edə bilərdilər. Ancaq onlar maraqlı deyildilər - başda da Rusiya. Lavrovun mövqeyi və açıqlamaları bu baxımdan tamamilə ciddiyə alınmamalıdır. Hazırda Qərb ölkələrinin Rusiyanın əməkdaşlığından imtina etməsi haqlıdır. Minsk Qrupu faktiki olaraq fəaliyyətini itirib. Hətta bu qurum ləğv edilməsə belə, heç bir faydası yoxdur. Üstəlik, həmsədrlər fərqli mövqelərdədirlər və artıq birgə əməkdaşlıq imkanları qalmayıb. Minsk Qrupunun varlığına ehtiyac yoxdur, çünki o, real nəticə verməyib. Rusiya isə bu qurumun ləğvini istəmir, çünki yenə də eyni məqsədlə - bölgədə mövcudluğunu qorumaq üçün bu münaqişədən istifadə etmək niyyətindədir. Qarabağdan köçmüş ermənilərlə bağlı son proseslər də göstərir ki, Rusiya münaqişənin həllinə deyil, onun davam etməsinə çalışır. Rusiya nə vasitəçi, nə də konstruktiv aktor ola bilər. Minsk Qrupunun fəaliyyətinə yekun qiymət verilərsə, Rusiya bu qiymətləndirmədən "kəsir" almalıdır. O, üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Hazırda aparılan danışıqlar da reallıqdan uzaqdır.

"Azərbaycanın Minsk Qrupu ilə bağlı təklifini dəstəkləmək məsələsinə gəldikdə, Rusiya bu cür təşəbbüsləri rədd edir, çünki o, münaqişənin həll olunmasında maraqlı deyil. Ancaq bölgədə dəyişən reallıqlar artıq Rusiyanın ssenarisindən kənarda inkişaf edir və məhz bu, ən sağlam nəticədir. Çünki əgər Rusiya bölgədə olmayacaqsa, bu, o deməkdir ki, münaqişə də olmayacaq" - deyə Əli Mustafa əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31