Almaniyadakı erməni episkopluğu: “II Qareginin həbsi kilsə avtonomiyasına ...”
24 İyul 19:06 SiyasətAlmaniyada fəaliyyət göstərən Erməni Apostol Kilsəsinin (AAK) episkopluğu Ermənistan hakimiyyətini bütün ermənilərin Katolikosu II Qareginin mümkün həbsi ilə bağlı kəskin şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, qurum bəyan edib ki, belə bir addım yalnız Ermənistan daxilində deyil, bütün dünya üzrə erməni diasporasında da dərin şok və narahatlıq yaradacaq.
Episkopluğun nümayəndəsi Tıratur Sardaryan bildirib ki, II Qaregin seçilmiş dini liderdir və onun Katolikos seçilməsi əsrlər boyu formalaşmış kanonik kilsə ənənələrinə uyğun həyata keçirilib. Bu baxımdan, hər hansı dövlət müdaxiləsi qəbuledilməz və ziddiyyətli hesab edilir.
"Katolikosun həbsi kilsənin avtonomiyasına qarşı misli görünməmiş bir müdaxilə olar və bu, həm Ermənistanın daxili sabitliyinə, həm də dünya erməniliyinin mənəvi birliyinə ağır zərbə vurar", - deyə Sardaryan vurğulayıb.
Episkopluq həmçinin Ermənistan hakimiyyətini Kilsənin müstəqilliyinə hörmət etməyə, hüquq və ədalət prinsiplərinə sadiq qalmağa çağırıb. Bildirilib ki, dini təsisatların dövlət orqanları tərəfindən hədəfə alınması yalnız ictimai parçalanma, dini ixtilaf və beynəlxalq imicə zərər gətirə bilər.
Qeyd edək ki, son zamanlar Ermənistanın müxtəlif siyasi dairələrində Katolikos II Qareginə qarşı tənqidlərin artması və cinayət məsuliyyəti məsələlərinin gündəmə gəlməsi erməni cəmiyyətində narahatlıq doğurur. Kilsə dairələri bu prosesi siyasi təzyiq və məzhəbə qarşı təhdid kimi qiymətləndirirlər.