Qarabağda yanğınlar: Təxribat ehtimalı istisna deyil - ÖZƏL

"Azərbaycanın  Qarabağ bölgəsində yanğın hadisələrinin baş verməsi, əlbəttə ki, ciddi narahatlıq və təəssüf doğurur. Bu yanğınlar istər-istəməz oradakı situasiyaya, eyni zamanda müxtəlif istiqamətlərdəki fəaliyyətlərə problemlər yarada bilər. Ona görə də Azərbaycan dövlətinin bu məsələyə daha sərt mövqedən yanaşması məqsədəuyğun olardı". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli söyləyib. Siyasi şərhçi qeyd edib ki, bu, artıq təkcə ekoloji məsələ deyil, milli təhlükəsizlik məsələsidir və təxribat ehtimalı ciddi şəkildə araşdırılmalıdır:

"Təbii ki, yanğınların müxtəlif səbəbləri ola bilər. Bu, ehtiyatsızlıqdan da baş verə, eyni zamanda məqsədli törədilmiş hadisələr də ola bilər. Bildiyiniz kimi, Türkiyədə də son illərdə tez-tez belə yanğınlar baş verirdi və sonradan məlum oldu ki, bəzi hallarda bu yanğınlar ehtiyatsızlıqdan baş versə də, bəziləri təxribat xarakteri daşıyırdı. Bu səbəbdən Türkiyə hökuməti olduqca sərt addımlar atdı.
Eyni yanaşma  Azərbaycanda da olmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları baş verən yanğınların səbəblərini daha ciddi və dərindən araşdırmalı  və müəyyən olunmalıdır ki, bu hadisələr ehtiyatsızlıqdan baş verib, yoxsa kimsə bilərəkdən təxribat törədib. Əgər yanğınlar ehtiyatsızlıqdan baş veribsə, Azərbaycan hüquq sistemində və qanunvericiliyində nəzərdə tutulan cəzalar tətbiq olunmalıdır. Təbiətə zərər vuran, yanğının baş verməsinə səbəb olan və ehtiyatsız davranan şəxslər müəyyən edilərək müvafiq tədbirlər görülməlidir.
Digər tərəfdən, hüquq-mühafizə orqanları bu məsələyə təxribat ehtimalı üzərindən də yanaşmalı, bununla bağlı araşdırma aparmalıdırlar. Məsələyə birmənalı şəkildə aydınlıq gətirilməsi vacibdir. Yəni hüquq-mühafizə orqanları Qarabağ bölgəsində baş verən yanğınlarda təxribat izinin olub-olmadığı sualına tam dəqiqliklə cavab tapmağa çalışmalıdırlar. Çünki bu, Azərbaycan dövlətinin milli təhlükəsizlik məsələsidir və heç bir halda imkan vermək olmaz ki, hansısa xarici dövlətlərin buradakı əlaltıları Azərbaycan ərazisində  istər yanğın, istərsə də başqa məzmunlu təxribat - belə hadisələrin törədilməsinə şərait yaratsın.
Əminəm ki, Azərbaycan hüquq-mühafizə orqanları əgər bu hadisələrdə təxribat izi varsa, onu mütləq müəyyən edib üzə çıxarmağı bacaracaqlar. Çünki hazırda olduqca ağır bir dövrdəyik və bu dövrdə yalnız dövlət qurumları və hüquq-mühafizə strukturları deyil, hər bir vətəndaş da ayıq-sayıq olmalıdır. Bu baxımdan hesab etmək olar ki, bu məsələlərin aydınlaşdırılması gələcəkdə  Azərbaycana qarşı ola biləcək istənilən təxribat cəhdlərinin qarşısının vaxtında alınmasında böyük rol oynaya bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31