Qordonun Xankəndi səfəri: Rusiya niyə narahatdır? - ÖZƏL
24 İyul 17:07 Siyasət" Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın ukraynalı jurnalist Dmitri Qordonun Xankəndidəki media forumda iştirakına münasibəti, əlbəttə ki, anlaşılandır. Rusiya bütün məsələlərdə Qərbi ittiham edir və Qordonun iştirakını da məhz Qərblə əlaqələndirir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, bu yanaşma Rusiyanın ümumilikdə Cənubi Qafqaz və keçmiş postsovet məkanı ölkələrinə baxışının göstəricisi kimi dəyərləndirilə bilər:
"Yəni bu, obyektivlikdən çox uzaq olan bir yanaşmadır. Çünki Xankəndidə keçirilən media forum artıq neçə illərdir ki, təşkil olunur və bu toplantılara dünyanın müxtəlif media qurumlarının nümayəndələri dəvət olunurlar. Onlar bu forumda iştirak edərək həm Azərbaycan Prezidenti ilə görüşmək imkanı əldə edirlər, həm də ona suallar ünvanlayırlar, Azərbaycanın məsələlərə münasibətini birbaşa ilk onlar eşidirlər.
Qordon da öz ölkəsinin vətənpərvəridir, Rusiya işğalına qarşı sərt mövqe nümayiş etdirən bir media nümayəndəsidir. Bu səbəbdən Rusiyada sevilmir və axtarışa verilib. Bu baxımdan, Zaxarovanın mövqeyini müəyyən mənada təbii saymaq olar.
Sadəcə olaraq, Rusiya son dövrlər Azərbaycanın atdığı bütün addımları təftiş etməklə məşğuldur və hər hadisədən fərqli mənalar çıxarmağa, guya orada Qərbin izi olduğunu "sübut etməyə" çalışırlar.
Amma Rusiya əslində dönüb özünə baxmalı və yaranmış vəziyyətin nədən qaynaqlandığını düzgün şəkildə analiz etməlidir. Əgər rasional və ağıllı yanaşma tətbiq etsələr, görəcəklər ki, baş verənlərin əksəriyyəti məhz Rusiyanın yanlış siyasəti nəticəsində ortaya çıxıb.
Xankəndidə keçirilən toplantıya gəldikdə isə, bu, kifayət qədər uğurlu bir tədbir idi. Onun geniş rezonansını biz dünya mediasında da izlədik və deyə bilərəm ki, forum öz məqsədinə çatdı".
Zeynəb Mustafazadə