Azərbaycanın tələbləri aydındır: Rusiya konkret addımlar atmalıdır - ÖZƏL
24 İyul 16:29 Siyasət"AZAL-ın vurulmuş təyyarəsi ilə bağlı Rusiyada bəzi şəxslərin məsuliyyətə indi cəlb olunması hələlik ciddi və uzağa gedən nəticələr çıxarmaq üçün əsas vermir. Əgər Rusiya bu məsələdə həqiqətən səmimi olsaydı, bu addımları dərhal, hadisənin başlanğıcında atardı. Çünki özlüyündə aydın idi ki, bu, açıq-aşkar məqsədli şəkildə törədilmiş bir cinayətdir və cinayətin hansı dövlət və ya sahə orqanları tərəfindən törədildiyi də, demək olar ki, bəllidir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Təyyarənin Qroznıya yaxınlaşdığı bir məqamda bölgədə uçuşlara qadağa qoyulmaması artıq bu hadisənin Rusiya tərəfindən planlaşdırılmış bir əməliyyat olduğunu göstərir. Odur ki, hadisədən 7-8 ay keçdikdən sonra bəzi şəxslərin məsuliyyətə cəlb olunması, hələ o demək deyil ki, Rusiya məsələnin mahiyyətini araşdırmaqda maraqlıdır və ya Azərbaycanla yaranmış gərginliyi aradan qaldırmaq istədiyini göstərmir. Hələ ki, bu kimi nəticələr çıxarmaq üçün tezdir.
Əgər Rusiya doğrudan da bu hadisəyə görə yaranmış narazılıqları aradan qaldırmaq istəsəydi, bunu dərhal edərdi. Azərbaycanın bu məsələyə dair tələbləri isə o qədər də mürəkkəb deyil: təyyarə qəzasına görə kompensasiyanın ödənilməsi, Azərbaycandan rəsmi üzr istənilməsi, vurulmuş təyyarənin əvəzinin verilməsi və qəzanın törədilməsində iştirak etmiş şəxslərin konkret cinayət məsuliyyətinə cəlb olunması.
Hazırda görünür ki, Rusiya ya bu istiqamətdə ümumiyyətlə heç bir iş aparmayıb, ya da çox gecikmiş şəkildə hansısa addımlar atmağa başlayıb. Bu isə Azərbaycanı "sakitləşdirmək" cəhdi kimi görünür. Lakin Azərbaycanı simvolik addımlarla deyil, məzmunlu və real nəticələr verəcək işlərlə razı salmaq mümkündür.
Azərbaycanın tələbləri və gözləntiləri konkret və aydındır. Əgər Rusiya bu konkret məsələlər üzərində ciddi işləyərsə, münasibətlərin normallaşması üçün zəmin yarana bilər. Hazırda isə yalnız bəzi şəxslərin hansısa motivlərlə həbs olunması ilə bağlı yayılan məlumatlar Rusiyanın Azərbaycanla münasibətləri tənzimləmək istədiyini deməyə əsas vermir.
Eyni zamanda, məsələ təkcə təyyarə qəzası ilə də məhdudlaşmır. İki ölkə arasında problemə çevrilmiş başqa məsələlər də var ki, onlarla bağlı da Rusiya tərəfdən hələ qənaətbəxş və inandırıcı izahlar verilməyib."
İbrahim Məmmədli