Tramp hakimiyyətinin 6 ayı: ABŞ Cənubi Qafqazda sülhün tərəfdarına çevrilir - ÖZƏL

İyulun 20-də Donald Trampın prezidentliyinin 6 ayı tamamlandı. Bu müddətdə o, qlobal münaqişələrə qarışmamaq xətti tutub. Diqqətçəkən məqamlardan biri - ABŞ-nin Cənubi Qafqaz siyasətində neytral mövqeyini qorumasıdır.
Əbu-Dabidə keçirilən son danışıqlardan sonra Tramp "Bakı və İrəvan heç vaxt bu qədər sülhə yaxın olmayıb" deyə bildirib. Həmçinin bu 6 ayda nə Azərbaycana qarşı qərar qəbul olunub, nə də Bayden dövrünün "erməni yönümlü" sənədlərinə qayıdılıb. Seçki dövründə verdiyi ermənipərəst vədlər isə yaddaşdan çıxıb.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında qeyd edib ki,  ABŞ indiki neytral və aktiv rolunu oynamağa davam edərsə, bu, sülh prosesinə müsbət təsir göstərəcək: 

" Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump-ın hakimiyyətinin 6-cı ayı tamam olub və bu dövr ərzində Amerika dünya siyasətində aktiv rolunu davam etdirib. Həm də əvvəlki dövrlərdən fərqli olaraq, daha ciddi bir siyasətlə qarşılaşırıq və bu dəyişən siyasəti biz Cənubi Qafqazda da hiss edirik. Belə ki, onun administrasiyası dövründə bir tərəfdən bu proseslərə müdaxilə edilib, lakin əvvəlki kimi gərginlik yaradan deyil, daha neytral bir siyasətə keçid baş verib.
Sülh prosesinə dair verilən bəyanatlarda da əvvəlki dövrlə müqayisədə daha konstruktiv bir mövqe müşahidə edirik. Hazırkı administrasiya sülh prosesinin tezliklə yekunlaşmasında maraqlı olduğunu bəyan edir və düşünürəm ki, bu, Bayden dövrü ilə müqayisədə daha rasional və daha səmimi bir yanaşmadır.
Əgər ABŞ indiki neytral və aktiv rolunu oynamağa davam edərsə, bu, sülh prosesinə müsbət təsir göstərəcək deyə düşünürəm". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31