Qərəzə qarşı həqiqət: Azərbaycanın media mübarizəsi - ÖZƏL

"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın informasiya məkanında hələ də müdafiə mövqeyində olması ilə bağlı verdiyi qiymətləndirmə reallığın soyuq və dəyişməz üzünü əks etdirir". 

Bu fikirlıri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki,  Azərbaycan yalnız informasiya hücumlarına cavab verməklə kifayətlənməməli, həm də öz həqiqətlərini dünyaya çatdıracaq ideoloji və kommunikativ platformalar qurmalıdır:

" Azərbaycan uzun illərdir ki, Qərbdə formalaşmış stereotiplərin və Ermənistanın manipulyativ lobbi fəaliyyətinin təsiri altında informativ mühasirəyə alınıb. Xüsusilə İkinci Qarabağ müharibəsində əldə olunan hərbi və siyasi qələbə bəzi dairələrdə Azərbaycanın mövqeyini zəiflətmək üçün təbliğat hücumlarını intensivləşdirib.

Qərbin müəyyən media strukturlarında Azərbaycanın suveren addımlarına qarşı qərəzli təqdimat formalaşdırılıb. Bu isə Azərbaycanın öz mövqeyini izah etməkdən çox, onu müdafiə etmək zərurətini yaradır. Həmçinin Cənubi Qafqazda dəyişən güc balansı və Azərbaycanın geosiyasi çəkisinin artması da bu təzyiqlərin səbəblərindən biridir.

Azərbaycan regionda enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və müstəqil siyasi xətti ilə öz rolunu gücləndirdikcə informasiya hücumları da paralel olaraq artır. Bu hücumların arxasında həm geosiyasi maraqlar, həm də Azərbaycanı öz orbitinə salmaq istəyən dairələrin narahatlığı dayanır.

Prezidentin vurğuladığı kimi, bu gün Azərbaycan mediası artıq təkcə cavab vermək yox, eyni zamanda informasiya siyasətini formalaşdırmaq gücünə sahibdir.  Burada diasporun, elmi-intellektual çevrələrin və beynəlxalq kommunikasiya institutlarının rolu da önəmlidir.

Müdafiədən təşəbbüsə keçmək üçün Azərbaycan yalnız reaksiya verməklə kifayətlənməməli, həm də normativ və ideoloji müstəvidə öz narativini qurmalıdır. Beləcə, Azərbaycan informasiya məkanında sadəcə iştirakçı deyil, oyun qaydalarını dəyişən aktora çevrilə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31