Əli Zülfüqaroğlu: “Zəngəzur dəhlizinə nəzarət uğrunda geosiyasi rəqabət gedir” – ÖZƏL
21 İyul 11:35 Siyasət"Zəngəzur dəhlizinə nəzarət məsələsi ətrafında maraq toqquşmaları uzun müddətdir davam edir. Xüsusilə Avropa İttifaqı, Böyük Britaniya, Çin, Rusiya və İran kimi dövlətlər arasında bu istiqamətdə ciddi rəqabət müşahidə olunur. Əsas məqsəd isə dəhlizə nəzarət imkanının əldə edilməsidir. Bu isə Zəngəzur dəhlizinin açılması məsələsini daha da mürəkkəbləşdirir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, bu kontekstdə Avropa İttifaqının Ermənistan üzərində təzyiqləri açıq şəkildə görünməkdədir. Eyni zamanda İran da Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışır və bu məqsədlə Ermənistanla bağlı siyasi fəaliyyətini fəallaşdırıb. İran öz maraqlarını qorumaq üçün Yerevana təzyiqlər göstərir. Digər tərəfdən, Rusiya da 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına əsasən bu məsələnin həllini öz maraqları çərçivəsində yönləndirməyə çalışır. Çin isə geosiyasi aktor olaraq bu regionda daha fəal iştirak etmək və dəhlizin açılmasına nail olmaq istəyir. Çin və Rusiya maraqları burada müəyyən qədər üst-üstə düşür.
Ə. Zülfüqaroğlu qeyd edib ki, hazırda Rusiya ilə Avropa İttifaqı arasında da maraq toqquşmaları müşahidə olunur. Həmçinin İranla Rusiya arasında da Zəngəzur dəhlizinə dair müxtəlif yanaşmalar mövcuddur. Bu isə bölgədə kifayət qədər mürəkkəb və çoxşaxəli vəziyyətin formalaşmasına səbəb olub. Belə vəziyyət Ermənistanın üzərində əlavə təzyiqlərin artmasına, bu ölkənin sabit və aydın mövqe sərgiləyə bilməməsinə gətirib çıxarır. Nəticədə bölgədə sülh prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına mənfi təsirlər yaranır. Azərbaycan isə dəfələrlə bəyan edib ki, bu problemin həlli beynəlxalq hüququn tələblərinə və Azərbaycanın maraqlarına uyğun şəkildə olmalıdır. Əslində Azərbaycanın maraqları ilə beynəlxalq hüququn prinsipləri bir-birini tamamlayır. Yəni Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin edilməlidir. Lakin hazırda müxtəlif tərəflərin maraq toqquşmaları prosesin yubanmasına səbəb olur. Bu səbəbdən Azərbaycan Ermənistanla birbaşa danışıqların aparılmasının tərəfdarıdır və son dövrlərdə bu istiqamətdə müəyyən pozitiv meyillər də müşahidə olunur.
Siyasi şərhçinin sözlərinə görə, ikili danışıqların önə çıxması ilə bir sıra regional aktorların maraqları daha da canlanmağa başlayıb: "Əgər Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf etməzsə, üçüncü tərəflərin prosesi nəzarətə götürmək cəhdləri artacaq. Bu isə danışıqların daha da uzanması, sülh prosesinin ləngiməsi və bölgədə vəziyyətin mürəkkəbləşməsi ilə nəticələnə bilər. Azərbaycan bunu nəzərə alaraq, Ermənistanla danışıqlar formatının genişlənməsi, intensivləşməsi və effektiv mexanizmə çevrilməsi üçün səylər göstərir. Son proseslər də bu yanaşmanı təsdiqləyir. Əgər Ermənistan xarici təzyiqlərə davam gətirə bilsə, Azərbaycanla konstruktiv dialoqu davam etdirmək və konkret nəticələrə hesablanan addımlar atmaq mümkündür. Bu da üçüncü qüvvələrin prosesdən kənarlaşdırılması ehtimalını artıracaq. Bu səbəbdən, maraq toqquşmalarına və vəziyyətin mürəkkəbliyinə baxmayaraq, problemin həlli mümkündür. Lakin bunun baş verməsi üçün əsas məsuliyyət Ermənistanın üzərinə düşür".
Səidə Ramazanova