Fazil Mustafa media nümayəndələrini təbrik etdi

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil MUSTAFA    Azərbaycan Milli Mətbuatının 150 illiyi  münasibəli  media  nümayəndələrini  təbrik  edib.  Təbrikdə  deyilir:

Əziz media nümayəndələri, 
hörmətli qələm sahibləri!

Bu gün Azərbaycan Milli Mətbuatının 150 illiyini böyük qürur və dərin mənəvi məsuliyyət hissi ilə qeyd edirik. Bu əlamətdar tarix 1875-ci ildə Həsən bəy Zərdabinin nəşrə başladığı "Əkinçi" qəzeti ilə bağlıdır. "Əkinçi"peşəkar mətbuat tariximizin olduğu qədər, milli intibah və maarifçilik hərəkatımızın da təməl daşlarından biridir.

Azərbaycan mətbuatı illər boyu xəbər daşıyıcısı olmaqla yanaşı, milli düşüncənin formalaşmasında, ictimai vicdanın oyanmasında, dövlətçilik ənənələrinin qorunmasında, eləcə də, müstəqil fikir tribunalının yaradılmasında əvəzsiz rol oynayıb. Hər mərhələdə - istər çar senzurası dönəmində, istər sovet ideoloji qapanmalarında, istərsə də müstəqillik illərinin mürəkkəb informasiya müharibələri ortamında - jurnalistlərimiz sözün gücü ilə tarix yazmağa davam edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi olaraq, biz bu sahənin qanunverici bazasının təkmilləşdirilməsi, informasiya mühitində etik və hüquqi balansın qorunması, ictimai rəyin sağlam təməllər üzərində formalaşması üçün daim əməkdaşlığa və dialoqa açığıq.

Mətbuat azadlığı - jurnalistlərin hüququ olmaqla birhə, toplumun maariflənmək və düşünmək haqqıdır. Bu azadlığın daşıyıcısı olaraq sizin peşəkar fəaliyyətiniz müstəqil dövlətçiliyimizin ideoloji dayağını, milli birliyimizin bu gün və gələcəyini şəkilləndirir.

Azərbaycan mətbuatı həm də beynəlxalq informasiya məkanında milli maraqlarımızın müdafiəçisi, Qarabağda tarixi Zəfərimizin və quruculuq proseslərinin, Böyük Qayıdışın canlı salnaməçisidir. Sözün və həqiqətin tərəfdarı olan jurnalistlərimizin əməyini yüksək qiymətləndirir, onların fəaliyyətində peşəkarlıq, əxlaqi məsuliyyət və vətəndaş fədakarlığına böyük önəm veririk.

Bu möhtəşəm yubiley münasibətilə bütün vicdanlı media mənsublarını ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, güc və qələminizə daim haqq sədası diləyirəm! 
Şəhid olmuş qələm sahiblərimizin ruhunu ehtiramla yad edir və deyirik: Şəhidlər ölmədi, Vətən bölünmədi!

Qoy 150 illik milli mətbuat yolumuz gələcək nəsillər üçün də işıqlı və örnək yol olsun!

Dr. Fazil MUSTAFA
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31