Avropa İttifaqının militarizasiyası “snapback” sanksiyalarının bərpasının əsas səbəbidir - ÖZƏL

İranın dövlət nəşri "Iran" qəzetinin fikrincə, Böyük Britaniya, Almaniya və Fransadan ibarət Avropa üçlüyünün BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etməyə yönəlmiş "snapback" mexanizmini işə salmaq hədələri Avropa İttifaqının yeni militarizasiya kursunu əks etdirir.
Olaylar.az xəbər verir ki,  qəzet yazır ki, Avropa üçlüyünün İranın nüvə proqramı ilə bağlı mövqeyini sərtləşdirməsi, Aİ-nin müdafiə sahəsində əməkdaşlığının misilsiz dərəcədə genişləndirilməsi və strateji muxtariyyət gündəliyinin aktuallaşması ilə eyni vaxta təsadüf edir. Məhz bu kontekstdə Almaniyanın kansleri Fridrix Mersin İsrailin İranı vuraraq "avropalılar üçün çirkli işi gördüyü" ilə bağlı açıqlamasını dəyərləndirmək lazımdır.
Yazıda vurğulanır ki, Avropa İttifaqı üçün Tehrana təzyiq göstərmək və "güc nümayişi" birliyə daxil olan ölkələr arasında həmrəyliyi qorumağın və beynəlxalq səhnədə mövqe saxlamağın yollarından birinə çevrilib. Bu mənada, İranın Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəalarını pozması ilə bağlı irəli sürülən rəsmi ittihamlar, əslində, İrana qarşı hədələyici siyasətin davamı üçün bəhanə xarakteri daşıyır.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bu yaxınlarda bildirib ki, İranla Avropa üçlüyü arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üzrə növbəti danışıqlar iyulun 25-də İstanbulda xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək. Bundan əvvəl "Axios" portalı ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın İranla yeni nüvə sazişinin imzalanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu müəyyən etdiklərini yazmışdı. Əgər bu vaxta qədər razılıq əldə olunmasa, Avropa üçlüyü "snapback" mexanizmindən istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, mart ayında Avropa İttifaqı Rusiyadan və Belarusdan qaynaqlanan guya təhlükəyə istinad edərək qitənin militarizasiya planını razılaşdırmışdı. Həmin plan çərçivəsində hərbi xərclərin artırılması və müdafiə koordinasiyasının təkmilləşdirilməsi qərara alınmışdı. İyunun 27-də Brüsseldə keçirilən Aİ sammitində iştirakçı ölkələr NATO-nun son qərarına əsaslanaraq hərbi xərclərin ÜDM-in 5%-nə qədər artırılması istiqamətində oktyabr ayına qədər maliyyələşdirmə üzrə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31