Türk dilinə dil uzadan Tehraniyə şillə kimi cavab
09:31 SiyasətHökumət mollası "Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir", - deyə İranın azərbaycanlı ali rəhbərini də, prezidentini də, xalqı da aşağılayıb - sərt təpkilər
İranda türk dilinə qarşı hörmətsizlik davam edir. Bu günlərdə İranın daha bir hökumət mollası Əhməd Müctəhid Tehrani qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Belə ki, Tehrani çıxışı zamanı türk dili barədə aşağılayıcı fikirlər səsləndirərək deyib: "Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir. Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada "beş dənə yumurta ver" deyirəm. Amma bir hədis var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə, dili türkcə olur".
Sosial şəbəkələrdə və türkdilli icmalar arasında böyük rezonans doğuran bu açıqlama İran hakimiyyətindəki bəzi dairələrin türklərə mənfi yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Onu da bildirək ki, bu cür çıxışlar regionda yaşayan milyonlarla azərbaycanlı və digər türk icmaları tərəfindən təhqir kimi qəbul olunur və etirazla qarşılanır. İranda 35 milyondan çox türk yaşayır. Ölkənin prezidenti Məsud Pezeşkian azərbaycanca danışır, ali dini rəhbər Seyid Əli Xamneyi də azərbaycanlıdır, ana dilində çıxışları var. Belə olduğu halda, Tehrani türk dilinə niyə dil uzadıb? Ona kim ixtiyar verib ki, bir xalqın dilini təhqir etsin? Molla Tehrani necə ayırd edə bilir ki, hansı cənnət, hansı cəhənnəm dilidir?
Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı "Yeni Müsavat"a bildirib ki, dini baxımdan heç bir əsası olmayan fikirdir: "Yəni açıq-aşkar təxribatdır. İslam tarixində bu günə qədər Azərbaycan-türk əsilli böyük din alimləri olub. Nəcəf elmi hövzəsinə uzun illər rəhbərlik etmiş Ayətullah Seyid Əbülqasim Xoyi azərbaycanlı olub. Bundan başqa, Əllamə Təbatəbai, Ayətullah Cəfər Sübhani, Ayətullah Şəriətmədari kimi böyük alimlər olub. Özünə İslam alimi deyən şəxs ən azı bu kimi böyük şəxsiyyətlərin hörmətinə görə bu cür ifadə işlətməməlidir. Əgər işlədirsə, demək, təxribat yaradır. Xüsusən də indiki bir vaxtda. İranda daxildə bölücülüyə qarşı həssas bir vəziyyət olduğu bir vaxtda ölkənin qurucu etnosu olan, dövlət, dini və hərbi sahədə aparıcı şəxslərin türklər olduğu bir ölkədə bu cür ifadə işlətmək İran daxilində bölücülük yaratmaqdır. Yəqin ki, İranın nüfuzlu azərbaycanlı din alimləri buna cavab verər. Amma ümumilikdə bir xalqı və dili təhqir etmək İslam adına ayıbdır və din aliminə yaraşmayan hərəkətdir. Və qeyd etdiyim kimi, heç bir dini əsası yoxdur. İslam dini - Quran və hədislər - heç bir xalqı, onun dilini və milli mənsubiyyətini təhqir etməyə icazə vermir. Hər bir fərd əməllərinə görə cavabdehdir və Quran-Kərim Hucurat surəsi, 13-cü ayədə buyurulur ki, "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". Yəni bu ayədə də açıq göstərilir ki, insanların üstün olanı Allahdan qorxan və pis əməllərdən çəkinəndir. Xalqlar və millətlər isə bir müxtəliflik nümunəsidir".
İlahiyyatçı Elşad Miri də məsələ ilə bağlı "Yeni Müsavat"a mövqeyini bildirib: "İnsan dünyaya gələndə heç bir dili bilmir, valideynləri və ətraf mühiti hansı dili öyrədərsə, həmin dili mənimsəyir. Dil sonradan qazanılan bacarıqdır. Ona görə də kiminsə hansısa dili təhqir etməsi yalnız onun özünün şəxsi səviyyəsi ilə bağlıdır. Əgər ölkənin dini lideri türk - Azərbaycan dilində danışırsa, prezident də eyni dildə ünsiyyət qurursa, milyonlarla insanın ana dilini təhqir etmək nə dini savadla, nə də dindarlıqla izah oluna bilər. Bu, əksinə, dini darlığın göstəricisidir. Bu, hörmətsizlikdir, sayğısızlıqdır. Cənnətin dili məsələsinə gəldikdə isə, ümumiyyətlə, belə bir anlayış varmı? Məsələn, ingilis cənnətdə ərəb dilində danışacaq? Bu, məntiqsiz yanaşmadır. Qurani-Kərimin ərəb dilində nazil olmasının səbəbi isə Məhəmməd peyğəmbərin ərəbcə danışması ilə bağlıdır".
Onu da qeyd edək ki, İranda son dövrlərdə daha da artan şəkildə türkcəyə qarşı təhqiramiz ifadələrin səslənməsi cəmiyyətin türk mənşəli təbəqələri arasında ciddi narahatlıq doğurur. Son olaraq hökumət mollası Əhməd Müctəhid Tehrani tərəfindən "cəhənnəm əhlinin dili türkcədir" ifadəsinin işlədilməsi bu tendensiyanın davam etdiyini göstərdi. Lakin bu, sadəcə, bir nəfərin təhqiramiz fikri deyil - o, İranda onilliklərdir formalaşdırılmış və dövlət səviyyəsində susqunluqla dəstəklənən etno-linqvistik ayrı-seçkilik siyasətinin nəticəsidir.
İran İslam Respublikası qurulandan bəri dövlətin əsas ideoloji xətti fars dili və mədəniyyətini milli birliyin əsas sütunu kimi təqdim etmək olub. Bu baxış türkdilli icmaların öz dillərində təhsil alma, mədəniyyətlərini qoruma və inkişaf etdirmə hüquqlarını sistemli şəkildə məhdudlaşdırıb. İran Konstitusiyasının 15-ci maddəsində qeyri-fars dillərinin istifadəsinə izn verilsə də, bu bənd reallıqda demək olar ki, heç vaxt tətbiq edilməyib.
Yada salaq ki, 2006-cı ilin mayında dövlətə məxsus "İran" qəzetində türkləri tarakan kimi göstərən karikatura dərc olunmuşdu. Bu, on minlərlə insanın küçələrə çıxmasına səbəb oldu. Təbriz, Urmiya, Ərdəbil kimi şəhərlərdə mitinqlər keçirildi, bir çox insan həbs edildi, onlarla şəxs işgəncəyə məruz qaldı. Hadisə İran tarixində ilk böyük dil əsaslı etnik üsyanlardan biri idi.
Yəni Əhməd Müctəhid Tehrani bu günlərdə "cəhənnəm əhlinin dili türkcədir" ifadəsi ilə gündəmə gəlsə də, bu fikir əvvəl də müxtəlif mollalar tərəfindən minbərlərdə səsləndirilib. Bəzi "hədis"lərin saxtalaşdırılması ilə bu mif dini leqal çərçivəyə salınmağa çalışılıb. Məşhur şiə alimi Əllamə Təbatəbai və digər təfsirçilər belə "hədislərin" uydurma olduğunu bildirsələr də, siyasi islamçılıqla irqi nifrəti birləşdirən kəsimlər bu tezisdən siyasi silah kimi istifadə ediblər.