Zamanın ürəyində AZƏRBAYCAN

Xankəndidə bir Zirvə oldu - sadəcə dağların, coğrafiyanın, başı bəlalar çəkmiş şəhərin yox, tarixin, hüququn, mənəvi haqların zirvəsi!..
Zirvəyə Qafqazın sərt qayalarından, Zəngəzur keçidlərindən, Göyçə-İrəvan düzənindən, Fərat-Dəclə mənbəyindən, Təbrizdən, Tehrandan, İstanbuldan, Ankaradan, Almatıdan, Astanadan, Aşqabaddan, Daşkənddən, Düşənbədən, Səmərqənddən, Bişkekdən, İslamabaddan, Kabildən... baxanlar üçün bu təkcə diplomatik tədbir deyildi, əlbəttə, deyildi. Bu, Qarabağda Azərbaycanın hünəriylə yazılan yeni tarix idi. - külli Azərbaycana, Qafqaza, Türk dünyasına, İslam dünyasına və həm də dünyaya ismarıclar göndərən, dostu sevindirən, dost ola bilməyənləri kədərlərinə boğan Zirvə!

Çünki indi Xankəndini nə susdurmaq, nə də 2 il öncələrdəki kimi anti-Azərbaycan, anti-Türk, anti-İslam və də anti-bəşər eyləmlər "ocağ"ına döndərmək mümkün deyil!
Xankəndi azad Qarabağın, müstəqil Azərbaycanın adından danışa bilir. Müzəffər Ali Baş Komandan ötən ilin fevralında Xankəndidə səs vetib, ondan öncə orada bayraq qaldırıb, hərbi paradı müşahidə və qəbul edib, infrastruktur layihələr əsasında təməllər atıb, açılışlar edib...
Beləliklə,
İqtisadi Əməkdaşlıq Təşkilatının 3-4 iyul tarixli Sammiti Xankəndidə keçirilməklə siyasi simvolikanı iqtisadi getçəkliyə çevirdi. Bu təkcə bir platform yox, müharibədən çıxmış bölgənin dirçəliş proqramıydı.

Prezident İlham Əliyevin çıxışı bu baxımdan təkcə hökumətlərarası razılaşma yox, bölgənin yeni siyasi arxitekturasının konturları idi.
- Füzuli, Zəngilan, Laçın hava limanları, Zəngilana, Ağdama və b. yönlərə çəkilən, bərpaedilən dəmir yolları;
- Kəlbəcər, Laçın dağlarında vurulan möhtəşəm tunellər;
- Zəngəzur dəhlizinin açılması ilə Güney Qafqazdan Türküstana kəsintisuz birləşəcək "Türk dünyası körpüsü"...

Azərbaycan sübut etdi ki, yalnız döyüş meydanında deyil, infrastrukturda, iqtisadiyyatda, diplomatiyada da qalib ola bilir. Bu qalibiyyət İlham Əliyevin  siyasi iradəsidir, Bakı modelidir, Azərbaycan harmoniyasıdır.

Türküstan bağı: 
iman, iradə və iqtisadiyyat bir yerdə

Bu gün Azərbaycan-Özbəkistan-Qazaxıstan-Qırğızıstan oxu, artıq yalnız dostluq-qardaşlıq və mədəniyyət üzərində yox, enerji, daşımaçılıq, rəqəmsal təhlükəsizlik, humanitar inteqrasiya üzərində inkişaf edir.
"Caspian Connection", "Lapis Lazuli" və "Orta Dəhliz" kimi layihələr, Bakıdan Türküstana çəkilən yeni ipəkyolu anlamı daşıyır.
Azərbaycan Zəngəzurla, Göytəpə ilə, Zəngilanla Türk dünyasının fiziki-coğrafi qapısıdır və bu, amillər mənəvi-mədəni iqlimi də ehtiva etdiyi üçün bir başqa dərinlik və üfüq qazanır.
Xankəndidə açılan bu qapıdan dəmir yolları keçəcək - bu yolun öz ruhi energetikası vardır.

Rusiya-Qafqaz münasibətsizliyi

Rusiya ilə son ayların diplomatik kəskinliyi - Yekaterinburqda saxlanılan və vəhşicəsinə öldürülən azərbaycanlıların faciəsi, Moskvadan gələn imperial siqnallar, Kremlin və həmçinin Tehranın Fars-Molla qanadının media təsirində Azərbaycana qarşı yönəlik kampaniyalar...
Amma Azərbaycan bu təzyiqlərə gərəksiz dözüm nümayişi modunda qalmayıb, uyğun cavablar verir:
- Media sabitliyinin qorunması;
- Dış təsirlərə qarşı informasiya dirənişi;
- SEPAH və İran rejiminin Bakıdakı sabitliyi pozmaq cəhdlərinə qarşı milli həmrəylik...

Azərbaycan artıq post-sovet ölkəsi deyil.
O, haqlı olaraq özünü yeni Avrasiya mərkəzi kimi təsbit edir.

Roma, Vaşinqton, Paris... və Bakı

Yaxın günlərdə Roma Ukraynaya yardım konfransına evyiyəliyi edir - NATO-nun müdafiə xərcləri artırılır, Rusiya əleyhinə qlobal cəbhə gücləndirilir.
Vaşinqton isə Tramp-Netanyahu görüşü ilə İran və Fələstin məsələlərini "yenidən dizayn etmək" istəyindədir.
Fransa və Almaniya  ABŞ və Çindən iqtisadi asılılığa qarşı Avropa dirənişi qurmaq istəyir... Bu və bənzəri ehləmlər bir çox yaxın-uzaq ölkəni, o cümlədən bizimlə həmhüdud olan bəzi ölkələri də təsirləndirir.

Amma bu qlobal hərc-mərclik içində sabit inkişaf örnəyi kimi Azərbaycan göstərilə bilər.
Çünki Bakı bu "Qütb savaşları"nda tərəf tutmadan, bölgəsəl sabitlik arxitekturası qurur.

Zəngəzur Dəhlizi: coğrafiya üzərində yazılmış tarix

Zəngəzur Dəhlizi yalnız daşımaçılıq layihəsi deyil. Bu - Azərbaycanın Gündoğarla Günbatar, Güneylə Quzey arasında "tarixi dialoqu bərpa etməsi"dir.
Bu - Türk dünyasının fiziki inteqrasiyası, İslam coğrafiyasının yeni mənəvi və logistik sintezidir.
Bu dəhliz Anadoludan Altaya qədər uzanan iradənin ulu yoludur.

Uzun sözün qısası,
bu gün dünya yenidən qurulur:
- bəziləri güc ilə;
- bəziləri borcla;
- bəziləri ticarətlə;
- amma Azərbaycan - Yolla...

Yol salır - daşlardan, minalardan keçib...

Artıq sözə nə hacət - Xankəndidən artıq Roma görünür... Bakıdan isə Türküstan və bütün Türk dünyası!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31