Xankəndinin qapıları dünyaya açılır
4 İyul 11:44 SiyasətAzərbaycanın işğaldan azad edilmiş əraziləri artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır. Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumundan sonra Laçın ECO-nuin Qadınlar Forumuna ev sahibliyi edib. Şuşa şəhərində keçirilən biznes forumuna 10 ölkədən 170-dən çox iş adamı qatılıb. İndi isə Xankəndi şəhəri qapılarını qonaqların üzünə açıb. Belə ki, Azərbaycanın Xankəndi şəhəri ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edir. Dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasını qarşısına məqsəd qoyan Zirvə görüşü üçün məkan təsadüfi olaraq Xankəndi seçilməyib. Ya təsadüfdən, ya da zərurətdən Zirvə görüşündə müzakirə edilən mövzunun mahiyəti Qarabağ reallıqları ilə üst-üstə düşür. Daha dəqiq, Azərbaycanın regionda apardığı bərpa-quruculuq işləri, yaşıl enerji zonası yaratmaq planları, "ağıllı şəhər" layihələri və yaşıl diplomatiya təşəbbüsləri həm bu zirvənin mahiyyətinə, həm də bölgənin yeni strategiyasına uyğundur.
O ki qaldı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatındakı (ECO) yeri və mövqeyinə, məlum olduğu kimi ölkəmizin bu qurum çərçivəsində qurduğu münasibətlər həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğumuz fəal mövqeyi aydın şəkildə nümayiş etdirir. Məlum olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb, əsas məqsədi üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirməkdir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Hazırda Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olub.
Azərbaycan xarici siyasətdə daha çox bərabərhüquqlu və ikitərəfli əməkdaşlığa üstünlük verir. Təbii ki, belə bir siyasətin yürüdülməsində beynəlxlaq təşkilatlar və onlarda təmsil olunan dövlətlərlə münasibət önəmli əhəmiyyət kəsb edir. Məhz bu baxımdan ECO və təşkilata daxil olan ölkələrlə əməkdaşlıq xarici siyasətimizdə mühüm yer tutur. Prezident İlham Əliyevin bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".
Azərbaycan ECO çərçivəsində iqtisadi əlaqələrin genişlənməsinə də xüsusi önəm verir. Üstəlik, təşkilatın həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional layihələrdə liderlik mövqeyini qoruyur. Məhz bu səbədən Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində də mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları və əlverişli coğrafiada yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki və logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır. Bu gün nəqliyyat sahəsində də Azərbaycanın ECO regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: "Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik".
Paralel olaraq, Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə də böyük diqqət yetirir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçün "Təmiz Enerji Mərkəzi"nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur. Artıq Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Ümumilikdə ECO çəçivəsində əməkdaşlıq iqtisadi, geosiyasi, sosialvə mədəni sahələri əhatə edir. Azərbaycan da təşkilat çərçivəsində əməkdaşlığın genişlənməsində maraqlı tərəfdir.
Alim