Çinlə Birgə Bəyanatın imzalanması münasibətlərin pik nöqtəsidir-Özəl

"Aprelin 22-24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bu münasibətlərin pik nöqtəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu anlaşma Azərbaycan - Çin münasibətlərinı keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Dünyada ən güclü  geosiyasi mərkəzlərdən biri olan Çin Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi dəyərləndirdiyini rəsmi şəkildə bəyan etmiş və demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında maraqlarını ifadə etmişdir. Çin-Azərbaycan münasibətləri baxımından tarixən və siyasi baxımdan müstəsna əhəmiyyətə malik və geosiyasi məsələlərin də toxunduğu bu sənəddə konteksti aşağıdakı tezislərlə ifadə olunan daha bir neçə mühüm istiqaməti qeyd etməyi vacib hesab edirəm:

Birincisi, bu, bir-birinin ərazi bütövlüyünə hörmətdir. Azərbaycan Vahid Çini və Çinin Tayvanla bağlı mövqeyinə müsbət yanaşır. Buna cavab olaraq BMT TŞ-nin daimi üzvü statusuna malik olan Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh çağırışını qətiyyətlə dəstəkləyir;

İqtisadiyyat və nəqliyyat sahəsində, xüsusən də "bir kəmər-bir yol" un dəstəklənməsi ilə bağlı çox geniş məsələlərə toxunulur ki, bu da Çinin Azərbaycan vasitəsilə yük daşımalarına tam cəlb olunması deməkdir; Çinin qətiyyətli dəstəyi sayəsində rabitə təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir;

Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ("Orta dəhliz") tikintisində və istifadəsində fəal iştirak etməyə, Azərbaycanla daha sıx işləməyə hazır olduğunu bildirir. Bu, Çin və ŞƏT-in digər üzvlərini həm orta dəhlizin tikintisinə, həm də istifadəsinə birbaşa cəlb etmək üçün bir öhdəlikdir; qarşılıqlı surətdə viza rejiminin ləğv edilməsi barədə ortaq mövqe ölkələrimiz arasında turizmin və bütqn səviyyələrdə və sahələrdə ticari əlaqələrin inkişafına güclü impuls vermiş olur;

Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu"na qoşulmağa hazır olduğunu bildirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31