Qlobal Cənubun maraqlarını müdafiə etdiyinə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk - "Smachs Foundation"un təsisçisi
12:08 SiyasətQlobal Cənubun maraqlarını müdafiə etdiyinə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk.
Trend xəbər verir ki, bunu "Smachs Foundation" təsisçisi Şarlin Ruto Qlobal Cənub QHT platformasının bu gün Bakıda keçirilən "Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
"Biz Azərbaycana - həmişə Qlobal Cənubun maraqlarını müdafiə edən və Qlobal Şimalla dialoq körpüləri quran ölkəyə - dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın Qoşulmama Hərəkatındakı liderliyi və COP29-da nümayiş etdirdiyi inklüziv yanaşma sayəsində dünyaya həqiqi həmrəylik nümunəsi göstərildi," - deyə o bildirib.
Onun sözlərinə görə, bu cür həmrəyliyin parlaq nümayişi Qlobal Cənubun QHT platformasının yaradılması bəyanatına dəstəyin göstərilməsi oldu.
Ruto həmçinin qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən 17-ci məqsəd - "Dayanıqlı inkişaf üçün icra vasitələrinin gücləndirilməsi və qlobal tərəfdaşlığın yenilənməsi" - həlledici əhəmiyyət daşıyır. O bildirib ki, bu məqsəd bizə xatırladır ki, möhkəm tərəfdaşlıqlar və ümumi məsuliyyət olmadan tərəqqi mümkün deyil.
"Qlobal Cənub üçün iqlim dəyişikliyi daimi fövqəladə vəziyyətdir. Yüksələn dəniz suları ada evlərini suyun altında qoyur. Bərəkətli torpaqlar toza çevrilir. Daşqınlar və quraqlıqlar insanların dolanışıq mənbələrini məhv edir. Biz demək olar ki, yaranmasında iştirak etmədiyimiz bir böhranın ən ağır yükünü daşıyırıq," - deyə o əlavə edib.