Çin və Azərbaycan ŞƏT platformasında aktiv əməkdaşlığı davam etdirmək üçün kifayət qədər potensiala malikdirlər - Şi Tsin
12:07 SiyasətAzərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatı platformasında müxtəlif sahələr üzrə aktiv əməkdaşlığı davam etdirmək üçün kifayət qədər motivasiyaya və potensiala malikdirlər.
Bunu Trend-ə Sinxua Universitetinin (Çin) Beynəlxalq və Regional Tədqiqatlar İnstitutunun elmi işçisi Şi Tsin bildirib
"Son illər Çin və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli platformalarda əməkdaşlığı və qarşılıqlı əlaqəsi aktiv olub. Çoxtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqda birgə Bəyanat da onların ŞƏT çərçivəsində əməkdaşlığının məzmununu təsdiqləmiş oldu.
Mən hesab edirəm ki, hər iki ölkənin bundan sonra da ŞƏT platformasında müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqəsi üçün kifayət qədər motivasiyası və potensialı var. Qarşılıqlı etibarın daha da artması ilə iqtisadiyyat, enerji və təhlükəsizlik kimi sahələrdə əlaqələndirmə və əməkdaşlıq üçün daha da böyük potensial üzə çıxacaq", - deyə o bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanmış Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanatda, xüsusilə Azərbaycanın Çinin ŞƏT-də sədrliyini dəstəklədiyi və Çin tərəfinin ŞƏT-in keyfiyyətli inkişafının təşviqi istiqamətindəki praktiki səylərini yüksək qiymətləndirdiyi qeyd olunub. Azərbaycan ŞƏT-in "Dayanıqlı İnkişaf İli" çərçivəsində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə və Təşkilatın üzv dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Çin isə Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir.
Şi Tsin vurğulayıb ki, Çin Azərbaycanla münasibətlərə böyük önəm verir.
"Xüsusilə son və cari illərdə dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin səviyyəsinin yüksəldiyini təsdiqləyib. Hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində hər iki tərəf Çin ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verəcək. Müvafiq layihələrin aktiv şəkildə həyata keçiriləcəyi və nəqliyyat əlçatanlığının artırılmasına mühüm töhfənin veriləcəyi gözlənilir", - deyə ekspert qeyd edib.
O əlavə edib ki, "yaşıl" energetika sahəsində də iki ölkə arasında geniş inkişaf potensialı mövcuddur.
"Bildiyimə görə, Azərbaycan davamlı və təmiz energetika sahəsini fəal inkişaf etdirir. İki ölkə arasında əməkdaşlıq üçün təkcə böyük potensial yox, həm də onun Azərbaycanda artıq görünən təzahürləri var. Məsələn, ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin və Çin istehsalı olan elektromobillərin mövcudluğu, eləcə də, Çinin Azərbaycanda günəş elektrik stansiyalarının tikintisini də əhatə edən "yaşıl" energetika layihələrinə sərmayələri energetika sahəsində ikitərəfli əməkdaşlığın mühüm nümunələridir", - deyə Şi Tsin bildirib.
O vurğulayıb ki, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın məzmunu müvafiq birgə bəyanatın mətnində aydın şəkildə əksini tapıb.
"Aydındır ki, iki ölkə bir çox beynəlxalq məsələlər və əməkdaşlıq istiqamətləri üzrə oxşar və yaxınlaşan mövqelərə malikdir. Məsələn, nəqliyyat, bərpa olunan enerji sahələri, eləcə də, sənaye, elmi tədqiqatlar və humanitar əlaqələrin inkişafı - bunlar hərtərəfli strateji tərəfdaşlığın praktiki aspektləridir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu sənəd ikitərəfli münasibətlər üçün xüsusi önəm kəsb edir. Sənəddə əks olunan geniş əməkdaşlıq strateji tərəfdaşlığın təzahürüdür. Strateji tərəfdaşlığın inkişafı isə birbaşa bu birgə təşəbbüslərin uğurla həyata keçirilməsindən asılıdır", - deyə Şi Tsin əlavə edib.