Azərbaycanın ŞƏT-ə üzvlüyü beynəlxalq nüfuzumuzu artıracaq-Tural İsmayılov- ÖZƏL 

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox ciddi, dərin konseptual əlaqələri mövcuddur. 2001-ci ildən bəri qurulan Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan universitetləri kifayət qədər açıq əməkdaşlıq əlaqələri qurub. Azərbaycan bu təşkilatda müşahidəçi statusundadır".

Bu sözləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Azərbaycanın ŞƏT-ə üzvlüyü ölkəmizin beynəlxalq nüfuzunun növbəti dəfə yüksəlməsi demək olacaq:

"Əməkdaşlıq münasibətləri daha da təkmilləşdirilməkdədir və Azərbaycan statusunu artırmaqda maraqlı olduğunu bir çox platformalarda açıq şəkildə bəyan edib.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatı təkcə təhlükəsizlik sahəsində deyil, iqtisadi sahədə də kifayət qədər böyük perspektivlər vəd edən bir təşkilatdır. Əbəttə ki, Azərbaycanın belə bir perspektivlər vəd edən təşkilatın maraq dairəsində yer alması, ölkəmizin artan iqtisadi və siyasi gücünün də göstəricisidir.
Cənab Prezidentin Çinə səfəri zamanı Çin ilə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun artırılmasına dair Çinin dəstəyini ifadə etməsi çox vacib məqamdır. Çünki bu təşkilatın əsas qurucularından biri məhz Çindir. Əlbəttə, Azərbaycan tam üzv statusu əldə edərsə, bu, ölkəmizin beynəlxalq nüfuzunun növbəti dəfə yüksəlməsi demək olacaq.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ölkəmiz bu qurumlarda ən yüksək platformalarda çıxış edir. Bu baxımdan da Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasındakı əlaqələrin çox böyük və geniş perspektivləri mövcuddur. Eyni zamanda Azərbaycanın bu təşkilata üzvlüyü, düşünürəm ki, ölkəmizin iqtisadi inkişafına da ayrıca müsbət təsir göstərəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31