“Olaylar” hadisələri vaxtında və dəqiqliklə Azərbaycan oxucusuna təqdim edə bilir- OLAYLAR-30
15:43 SiyasətHəşim Səhrablı,
politoloq
Düzdür, yaşımızın az olmasına görə "Olaylar" qəzetini yalnız son bir neçə ildir tanıyırıq. Yəni, ümumiyyətlə, media və siyasət aləmində 90-cı illərdən təmsil olunmadığımız üçün təbii olaraq bu media qurumu ilə sonradan tanış olmuşuq.
Amma demək olar ki, bu müddət ərzində tanıdığımız media qurumları arasında öz dəst-xətti, çəkisi və obyektivliyi ilə yadda qalan azsaylı qurumlardan biri də məhz "Olaylar" qəzetidir. Bu isə hər media qurumunun nail ola bilmədiyi bir uğurdur. Məncə, bu təkcə mənim yox, çoxlarının yaddaşında belə qalıb.
Oxucuların, qəzetlə mütəmadi əlaqədə olan ekspertlərin, siyasətçilərin, vəzifəli şəxslərin, deputatların yaddaşında da "Olaylar" bu cür mötəbər bir media qurumu kimi yer alıb. Bu isə öz-özlüyündə ciddi bir nailiyyətdir. 30 illik bir zəhməti nə hədər saymaq, nə də ki, yüngülə almaq olar.
Bu, həm ciddi bir yol, həm də ciddi bir tarix və təcrübədir. "Olaylar" İnformasiya Agentliyinin bu zəngin təcrübəsinin yaşamasını, davam etməsini arzulayıram. Uğurlarına uğur qatsın, xəbər axını daha da genişlənsin və obyektiv xəbərləri, yanaşmaları oxuculara təqdim edə bilsin.
Ən vacibi isə odur ki, "Olaylar" digər media qurumları arasında azsaylı nüfuzlu qurumlardandır ki, beynəlxalq arenada baş verənlərə də diqqət ayırır. Yəni, yalnız daxili siyasət, mədəniyyət və sosial məsələlərlə kifayətlənmir. Dünyada baş verən hadisələri də işıqlandırır, bu barədə fikirlər alır və həmin fikirləri oxucuya, ictimaiyyətə çatdırır.
Oxucu yalnız ölkə içini deyil, dünyanı da görməli, baş verənləri tanımalıdır. Dünyada nə baş verir, nələr olub-bitir - bunlar da ona çatdırılmalıdır.
Bu nöqtədə də mənə elə gəlir ki, "Olaylar" baş verən hadisələri vaxtında və maksimum dəqiqliklə Azərbaycan oxucusuna təqdim edə bilir.
Uğurlarınız davamlı olsun. Yeni-yeni nailiyyətlər arzu edirəm. Həmişə şad günlərinizi eşidək, şad xəbərlərinizi oxuyaq.