Azərbaycan dünya dövlətləri üçün vacib tərəfdaşdır- ÖZƏL
10 Aprel 13:05 Siyasət"Artıq işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Hazırda 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: "Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışında vurğulandığı kimi, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpa olunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıra biləcəyik.
Ölkəmiz bir çox vacib məsələlərin həllində yaxından və fəal iştirak etdiyi, onlara öz töhfələrini verdiyi kimi, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır, bu prosesə öz töhfələrini verir və bundan sonra da verəcək. Bunlar ölkəmizin, müstəqil, güclü, qalib Azərbaycanın dünya üçün nə qədər önəmli və vacib tərəfdaş olduğunu bir daha ortaya qoyur və gözlər önünə sərir. Bunlar artıq reallıqdır və kimsə inkar edə bilməz".