Ermənistanın sülh ritorikası sadəcə kağız üzərindədir- ÖZƏL
10 Aprel 13:03 Siyasət"Yalnız aprel ayında deyil, mart ayından etibarən Ermənistanın atəşkəsi pozması artıq sıx-sıx müşahidə olunur. Məsələn, martın 16-dan 21-nə qədər, sonra aprelin əvvəllərində və eyni zamanda aprelin 9-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan istiqamətində atəş açması bir daha göstərir ki, Ermənistanın sülh ritorikası yalnız kağız üzərindədir və davamlı sülhə maraqlı deyildir".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Əgər sülh istəsəydilər, onlar bu atəşkəsi pozmazdılar. Əgər sülh istəsəydilər, onlar Azərbaycanın haqlı tələblərini, o cümlədən Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələblərini, eyni zamanda da ATƏT Minsk Qrupunun, yəni köhnə münaqişənin qalıqlarının ləğv edilməsi tələblərini yerinə yetirmiş olardılar. Bununla bağlı, Ermənistanın heç bir ciddiliyinin olmaması və digər tərəfdən də, Ermənistanda artan revanşizm fonunda sürətli silahlanma prosesinin baş verməsi nəzərə alındıqda, bu ölkənin sülhdən çox yeni bir müharibəyə hazırlıq gördüyünü əsaslandıra bilərik.
Və bu da sözsüz ki, onu deməyə əsas verir ki, Cənubi Qafqazın sabitliyi, inkişafı və o cümlədən Ermənistanın özünün inkişafı, Ermənistanın siyasi rəhbərliyinin marağında deyil. Çünki əks təqdirdə, onlar sülh prosesini sürətləndirməyə və Azərbaycanla, eyni zamanda Türkiyə ilə normal münasibətlər qurmağa müsbət yanaşardılar.
Onu da qeyd etmək istəyirəm ki, Cənubi Qafqaz bir geosiyasi əhəmiyyətli region kimi böyük regional dövlətlərin marağındadır. Uzun illər ərzində bu ölkələr arasında Qafqaz uğrunda bir geosiyasi rəqabət və konfrontasiya baş verir. İndi də biz həmin konfrontasiyanın təzahürlərini görürük. Rusiya-Ukrayna müharibəsi fonunda bəzi güclər bu vəziyyətdən istifadə edərək Qafqazda öz iradələrini ifadə etməyə çalışırlar və Ermənistandan da bu məqsədləri naminə forpost kimi istifadə edirlər.
Fransa kimi ölkələrin Ermənistana verdiyi tövsiyələr nəinki Qafqazdakı sülh prosesini əngəlləyir, eyni zamanda Ermənistanın təhlükəsizliyini, inkişafını və sabitliyini təhdid altına qoyur".
Zeynəb Rzayeva