ABŞ İranla müharibədə maraqlı deyil- ÖZƏL
9 Aprel 2025 10:45 Siyasət"İranla ABŞ arasında nüvə proqramı ətrafında gedən polemikalar onu deməyə əsas verir ki, Tehranın bu məsələdə indiyə qədər olan mövqeyinin dəyişilməsi ehtimalı azdır. Çünki bu ölkə nüvə imkanlarını inkişaf etdirmək üçün on illər sərf edib və bu proqramdan imtina etmək Tehran üçün sadəcə bir seçim məsələsi deyil". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "İran üçün nüvə proqramı heç strateji məqsəd də hesab olunmur. Bu sadəcə İranın mövcudluğunun ana xəttinə çevrilib. Hökumət uzun müddətdir ki, məhz bu proqramən adı altında iqtisadi sanksiyalar, hərbi təhdidlər və diplomatik təcridlə üzləşib. Hazırda nüvə proqramı iran üçün xarici müdaxiləyə qarşı çəkindirici vasitə kimi qiymətləndirilir. Bu proqramdan imtina etmək ABŞ-ın və həm də İsrailin təzyiqinə təslim olmaq kimi qiymətləndiriləcək və İran rəhbərliyinin, xüsusən də hökumətin qüruru və təhlükəsizliyi sınaq qarşısında olduğu indiki şəraitdə çətin ki, belə bir güzəştə getsin.
Belə olan halda müharibə qaçılmaz kimi görünür. Amma Amerika da İranla müharibə etmək fikrində olmadığını büruzə verir. Belə olan halda İrana hücum ritorikası İsraili sakitləşdirməkdən başqa nə məqsəd güdə bilər? Tramp administrasiyası İsrailin İranla bağlı narahatlığını başa düşdüyünü ifadə edərək "tədbir görməyə çalışdı" fonu yaradır. Əslində İsraildən başqa heç bir dövlət, elə ABŞ özü də İranla müharibədə maraqlı deyil. İrandan gələn təhlükə ABŞ-nin maraqlarına daha çox xidmət edir və onun mümkün qədər uzun qalması ABŞ-nin uzunmüddətli strateji məqsədlərinə xidmət edir".