Xankəndində qlobal gündəm: Yeni nizamın müzakirəsi – ÖZƏL
8 Aprel 15:08 SiyasətAzərbaycanın Xankəndi şəhərində, Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilib. Forumda 44 ölkənin təmsilçisi iştirak edib və iqtisadi müstəqillik, texnoloji dəyişikliklər və dayanıqlı inkişaf məsələləri müzakirə olunub.
"Tədbirin Qarabağ Universitetində təşkili və Xankəndi şəhərində keçirilməsi, əlbəttə ki, olduqca əhəmiyyətlidir. Orada iştirak edən beynəlxalq nümayəndə heyətinə bir mesaj veririk ki, Qarabağ Azərbaycandır, Xankəndi isə Azərbaycan şəhəridir. Biz artıq bu şəhərin sakinləriyik və burada nəinki yaşayırıq, təhsil alırıq, eyni zamanda qonaqlar qəbul edir, beynəlxalq tədbirə ev sahibliyi edirik".
Bu sözləri politoloq Əli Mustafa Olaylar.az-a açıqlamasında bildirib. O qeyd edib ki, tədbirin Xankəndində keçirilməsi həm simvolik, həm də strateji baxımdan mühüm mesajdır:
"Bu həm simvolik baxımdan, həm də ictimai-siyasi əhəmiyyətinə görə olduqca müsbət və doğru bir qərardır. Digər tərəfdən, əlbəttə, tədbirdə müzakirə olunan məsələlər də olduqca aktualdır. Yeni dünya nizamına keçid, bunun müxtəlif aspektləri, iqtisadi transformasiya, rəqəmsal inqilab kimi mövzular bu gün dünya üçün strateji əhəmiyyət daşıyan məsələlərdəndir. Bəli, bu mövzuları Bakıda da, Gəncədə də müzakirə etmək olardı. Amma Xankəndində, Qarabağ Universitetində bu məsələləri gündəmə gətirmək tamamilə fərqli və yeni bir baxış ortaya qoyur".
Politoloq əlavə edib ki, Xankəndində belə bir tədbirin keçirilməsi Azərbaycanın suverenliyinin və gələcəyə baxışının simvoludur.
"Biz artıq dövlət suverenliyini ölkənin bütün ərazisində təmin etmişik. Suveren ərazilərimizdə, qədim Azərbaycan torpaqlarında, ermənilərin sonradan məskunlaşıb, daha sonra isə tərk etdiyi bir şəhərdə - Xankəndində - bu gün dünya üçün əhəmiyyətli və bəşəriyyətin gələcəyinə yönəlmiş strateji mövzular müzakirə olunur. Əslində, bu, Xankəndindən bütün dünyaya gələcəyə dair baxış sərgiləmək deməkdir. Bu, bir daha deyirəm, mükəmməl və çox uğurlu bir təşəbbüsdür. Ümumilikdə, tədbirin özü və mahiyyəti əhəmiyyətlidir, amma onun məhz bu məkanda - Xankəndində - keçirilməsi onu daha da dəyərli və mənalı edir".
Əli Mustafa sonda vurğulayıb ki, informasiyanın 90%-i vizual təsirə əsaslanır. Oraya gəlib-gedən insanlar Azərbaycanın reallığını öz gözləri ilə görəcək və o təəssüratla qayıdacaqlar ki, Azərbaycan heç kimi oradan çıxarmayıb - sadəcə, öz tarixi torpaqlarına qayıdıb və indi bu torpaqlardan dünyanın gələcəyinə baxış təqdim edir.
Səidə Ramazanova