Taleh Əliyev: Ermənistanın Azərbaycanla müharibə aparmaq potensialı yoxdur – ÖZƏL
8 Aprel 14:38 Siyasət"Ermənistanın Avropa İttifaqına üzv olması ilə bağlı qanunun Ermənistan Prezidenti tərəfindən təsdiq edilməsindən sonra, Ermənistan tərəfindən təxribat hallarının çoxalması, hətta müharibə riskinin ciddiləşməsi gözlənilən bir proses idi".
Bu fikirləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev son günlərdə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi məsələsini şərh edərkən bildirib:
"Son zamanlar, demək olar ki, bu proseslərin fonunda yenidən erməni keşişi Baqrat Qalstyanın fəallaşması və birbaşa hakimiyyətə qarşı şüarlar səsləndirməsi, onu göstərir ki, Ermənistana qarşı Rusiyanın sərt təzyiqləri müxtəlif istiqamətlərdə özünü göstərəcəkdir. Daxildə sabitliyin pozulmasından tutmuş müxtəlif sabotaj hallarının yaşanmasına və o cümlədən Azərbaycanla şərti dövlət sərhədində vəziyyətin gərginləşməsinə qədər geniş ssenarilərin olması gözlənilən idi.
Bu baxımdan, Ermənistandakı dırnaqarası müstəqil mənbələrin, Ermənistanın güya müharibəyə hazırlaşması ilə bağlı yayılan xəbərləri, paralel olaraq, Ermənistan ordusunun Azərbaycana qarşı sərhəddə təxribatlar törətməsi, Ermənistan tərəfindən müharibə təxribatının güclü ehtimala çevrilməsini göstərir. Buna qarşı Azərbaycan tərəfinin Müdafiə Nazirliyindən çevik reaksiyanın veriləcəyi ilə bağlı bəyanatın verilməsi də, Ermənistan hakimiyyətinin ölkədə baş verən hadisələrə və proseslərə nəzarət edə bilməməsini göstərir. Bu, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədində ciddi hərbi qarşıdurmaya gətirib çıxarsa, bu zaman bəli, Ermənistanda növbəti məğlubiyyətin yaşanması qaçılmaz olacaq".
Taleh Əliyev əlavə edib ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq potensialı yoxdur və təxribatlar baş versə də,müharibənin baş verməməsi ehtimalı daha güclüdür.
"Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla döyüş aparacaq nəinki silah-sursatı var, daha da önəmlisi, erməni ordusunun mənəvi-psixoloji döyüş hazırlığı sıfır səviyyəsindədir. Onlar hələ də Azərbaycan xüsusi təyinatlılarının Qarabağda yaşatdığı anları unutmayıblar. Buna görə də, erməni ordusunun sərəncamında müəyyən sayda uzaq mənzilli raketlərinin olması, digər Avropa və Hindistan silahlarının verilməsi, hələ də bu ordunun döyüş qabiliyyətinin yüksəlməsi mənasına gəlmir və Azərbaycanla, nəinki qalibiyyətlə nəticələnəcək, hətta uzun müddət mübarizə aparacaq bir müharibə aparmaq imkanı yoxdur.
Söz yox ki, belə bir təxribat baş verərsə, sonradan bu əməliyyatlara üçüncü ölkələr də qatılmasa və ya üçüncü ölkələrin vəsaiti hesabına birbaşa və ya dolaylı yolla muzlular, terroristlər qatılmasa, Ermənistanın yenidən Azərbaycanla heç 44 günlük müharibə aparacaq qədər hərbi gücü və potensialı qalmayıb. Ermənistan hakimiyyəti baş verən təxribatların ölkənin ciddi suverenlik və ərazi bütövlüyü problemlərini üzə çıxaracağını nəzərə alaraq, daxildəki vəziyyətə nəzarət etmək məcburiyyətində qalacaqdır.
Müharibə ehtimalı nə qədər yüksək olsa da, onun baş verməməsi ehtimalı ondan da güclüdür".
Səidə Ramazanova