Netanyahu ilə Trampın görüşündən çıxan nəticələr- ÖZƏL

"Trampla görüşdən əvvəl Netanyahu görüş çərçivəsində  ABŞ ilə  İsrail arasında digər məsələlərlə yanaşı tarif məsələsinin də  müzakirə ediləcəyini bildirmişdi. Məlum olduğu kimi Trampın İsrailə tətbiq etdiyi 17 faizlik vergi tarifləri İsraildə yumşaq desək mənfi qarşılanmışdı. Hətta bəzi İsraildən olan siyasətçilər bunu İsrailə arxadan vurulan zərbə kimi qiymətləndirdilər". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Görüş və  müzakirələr başa çatdı, mətbuat konfransı da oldu. Tarif məsələsinin müzakirə olunması barədə heç bir məlumat yoxdur. Bütün dünyanı təlatümə gətirən bu məsələnin İsrail üçün əhəmiyyəti elan olunan səviyyədə deyilmi? Yaxud Netanyahu ilə Tramp arasında müzakirəyə çıxarılan digər məsələlər daha əhəmiyyətli olub? Hər halda siyasətçiləri düşünməyə məcbur edən və sıradan olmayan bir hadisədir. Biz də məsələ ilə əlaqədar öz münasibətimizi bildirməyə çalışaq.
Netanyahu görüş öncəsi Trampla İran, Türkiyə və tarif məsələsinin müzakirə olunacağı anonsunu versə də, görüşün sonundakı mətbuat konfransında bu məsələnin üzərində dayanılmadı. Əvəzində İsrail-İran, İsrail-Türkiyə münasibətlərinin müzakirə olunması barədə ətraflı məlumat verildi. Trampın səsləndirdiyi fikirlərin  ilk baxışda Netanyahunun gözləntiləri ilə üst-üstə düşməməsi göz qabağında idi. Netanyahu Trampdan İrana qarşı hücuma razılıq almaq fikrində olsa da Tramp İranla birbaşa danışıqların yaxın günlərdə başlayacağının anonsunu verdi.
Türkiyə və Rəcəb Tayyip Ərdoğan haqqında Trampın istifadə etdiyi ifadələr də heç Netanyahunun ürəyincə deyildi. Çünki, o müzakirələr zamanı Rəcəb Tayyip Ərdoğandan Trampa  şikayət etmək məqsədi güdürdü. Amma Trampın Türkiyə və onun prezidenti haqqında yüksək fikirdə olması israil Baş Nazirini məyus etdi. 
Beləliklə mütəxəssislər Trampla bu dəfəki görüşün  Netanyahu üçün son dərəcə uğursuz alındığı fikrini irəli sürürlər. Amma düşünürəm ki, bu mülahizələr ilkin mülahizələrdir. Bundan sonra hadisələrin inkişaf trayektoriyası vəziyyətin nə yerdə olması barədə dəqiq fikir yürütməyə imkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31