Azərbaycan yaşıl enerji sahəsində iddialı planlar qurur- ÖZƏL
8 Aprel 2025 11:58 Siyasət"Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə ölkəmiz uğurla ev sahibliyi edir. Bu isə Azərbaycanın layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində də iddialı planlar quraraq, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır.
Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu izah edib. Dövlətimizin başçısı çıxışında qeyd edib ki, bu gün "Azəri-Çıraq-Günəşli", "Abşeron" və "Şahdəniz" bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bir neçə ildən sonra digər neft-qaz yataqlarının da istismarına başlanacaq. Bununla bağlı müqavilələr artıq imzalanıb və hazırda işçi proqram həyata keçirilir. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənubi Qafqaz Boru Kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir. Lakin bu gün bəzi beynəlxalq maliyyə təsisatlarının faydalı qazıntıların çıxarılması üçün icra olunan layihələri maliyyələşdirməkdən imtina etmələri bir çox ölkələrin enerji təhlükəsizliyini zəiflədə bilər".