Gürcüstanda qrantlarla bağlı yeni dəyişikliklər: Qrant verən razılıq almalıdır – Şalva Papuaşvili – ÖZƏL
8 Aprel 2025 11:08 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, "Qrantlar haqqında" Qanuna təklif olunan dəyişikliklər donorun razılıq almasını tələb edən sistem yaradır. Onun sözlərinə görə, bu razılıq qrant almağa deyil, qrant verməyə aid olacaq.
"Əfsuslar olsun ki, illərlə bir sıra məsuliyyətsiz donorlarla danışırıq və bildiririk ki, onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Görürük ki, bəzi donorlar vəsait ayırır, lakin həmin pullarla "Molotov kokteyllərinin" təbliğatı, faşist kampaniyaları, zorakı aktlar həyata keçirilir. Donorlara sual verəndə məsuliyyəti üzərlərindən atırlar. Bu yolverilməzdir. Onlar öz ölkələrinin vətəndaşlarının pullarını xərcləyirlər və məsuliyyətlə davranmalıdırlar. Belə maliyyələşdirmə ölkəmizin maraqlarına zərər vurur," - deyə Papuaşvili qeyd edib.
O vurğulayıb ki, bu dəyişikliklər Gürcüstanda hansı fəaliyyətlərin maliyyələşdirildiyini və bunun xalqın maraqlarına uyğun olub-olmadığını müəyyən etmək üçün vacibdir.
Yeni sistemə əsasən, əgər donor qrant vermək istəyirsə, hökumətə və ya hökumət tərəfindən müəyyən olunmuş subyektdən razılıq almalıdır. Papuaşvilinin sözlərinə görə, bu dəyişiklik vətəndaşlar üçün prosesi tam şəffaf edəcək və cəmiyyət hansı layihələrin və hansı pullarla maliyyələşdirildiyini biləcək.