Ermənistanın silahlanma siyasəti və gələcək revanş hazırlıqları– ÖZƏL

"Ermənistan şübhəsiz ki, nə qədər çox sülhdən danışsa da, bir o qədər də silahlanmaya yönəlir və hərbi potensialını artırmaqla məşğuldur. Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra erməni hərbi ekspertləri Ermənistanın hərbi potensialını bərpa etmək üçün 4-5 il zamana ehtiyac duyduğunu bildirmişdilər, bu gün həmin zaman çərçivəsində ordunun imkanlarını yenidən qurmaq istiqamətində addımlar atıldığını görürük. Bu siyasət, əsasən, gələcəkdə Azərbaycanla hər hansı qarşıdurmada üstünlük qazanmaq məqsədi daşıyır".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Son dövrlərdə Ermənistanın  Fransa, Hindistan, İran, Yunanıstan və digər ölkələrdən davamlı şəkildə hərbi texnika və ləvazimatlar aldığı müşahidə olunur. Bu silahlanma prosesi sürətlə aparılır və əldə edilən silahların əksəriyyəti Ermənistanın iddia etdiyi kimi müdafiə xarakterli deyil, hücum və öldürücü xarakter daşıyan silahlardır. Əlavə olaraq, Ermənistan sərhəd bölgələrində hərbi hissələrin mövqelərini gücləndirmək, yeni istinad məntəqələri, bunkerlər, tunellər inşa etmək üçün ciddi maliyyə vəsaiti ayırır. Bu da revanşist planların tərkib hissəsi olaraq qiymətləndirilməlidir.

Hazırda sərhəddə təxribatların və gərginliyin artması da məhz bu siyasətin nəticəsidir. Ermənistan xüsusi olaraq istəyir ki, son dövrlər diqqətdən kənarda qalan Güney Qafqaz məsələsi yenidən beynəlxalq gündəmə gətirilsin. Bu məqsədlə sərhəddə gərginlik yaradaraq beynəlxalq diqqəti bölgəyə yönəltmək və Azərbaycanı təzyiq altına salaraq yarımçıq sülh sənədinin imzalanmasına məcbur etmək planı güdür.

Digər tərəfdən, Ermənistan bu toqquşmalardan istifadə edərək yeni silahlarını real döyüş şəraitində sınaqdan keçirməyə də çalışır. Bundan əlavə, hansısa strateji yüksəklik və ya mövqeyi ələ keçirməklə həm ölkə daxilində, həm də ordu daxilində əhval-ruhiyyəni yüksəltməyi hədəfləyir.

Azərbaycan isə bu prosesləri diqqətlə izləyir və Ermənistanın bu avantüralarına qarşı tam hazır vəziyyətdədir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31