Tramp 1 trilyon dollara yaxın müdafiə büdcəsini açıqlayıb- ÖZƏL
8 Aprel 2025 10:25 SiyasətOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin tarixində ən böyük müdafiə büdcəsini elan edib. Onun sözlərinə görə, administrasiyası tərəfindən hazırlanmış yeni hərbi büdcənin həcmi təxminən 1 trilyon dollar təşkil edir.
"Biz faktiki olaraq təqribən 1 trilyon dollarlıq büdcəni təsdiqlədik, 1 trilyon! Bu, görünməmiş bir rəqəmdir. Ətrafımızda çoxlu təhlükəli qüvvələr var, buna görə də güclü olmalıyıq. Mən fəxrlə deyirəm ki, bu, ABŞ hərbisinə təqdim edilən ən böyük büdcə olacaq", - deyə Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahuyla görüşü zamanı bildirib.
Tramp bu bəyanatı Yəməndə husilərə qarşı keçirilən əməliyyatlardan danışarkən verib.
Görüşdə iştirak edən Pentaqon rəhbəri Pit Hegset Trampın açıqlamasına dərhal münasibət bildirməyib. Lakin daha sonra "X" sosial şəbəkəsində paylaşım edərək yazıb: "Tezliklə: Müdafiə Nazirliyinin ilk trilyonluq büdcəsi. Prezident Tramp ordumuzu bərpa edir - və sürətlə!"
Amerika mediası Tramp və Hegsetin büdcə ilə bağlı bu açıqlamalarını gözlənilməz adlandırıb, çünki layihənin yalnız may ayının sonunda təqdim ediləcəyi ehtimal olunurdu. Qeyd edək ki, 2024-cü il üçün müdafiə büdcəsi 841 milyard dollar idi.