Azərbaycanın enerji ötürücülük qabiliyyəti Avropa ilə əməkdaşlıqda əsas faktordur- ÖZƏL
7 Aprel 20:38 Siyasət"Avropa İttifaqı üçün Mərkəzi Asiyanın önəmi son illərdə kifayət qədər artıb. Biz bunu həm də, Cənubi Qafqaz Asiya regionlarının eyni səviyyədə dəyərinin artması kimi də qiymətləndirə bilərik".
Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bu fikirləri söyləyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan, Avropa üçün enerji təhlükəsizliyində mühüm mövqedədir:
"Məlum olduğu kimi Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiya ölkələri də faktiki olaraq Avropanın enerji təminatının etibarlı, alternativ ölkələri olaraq görünürlər. Rusiya Ukrayna müharibəsinin başlamasından Avropa Rusiyaya sanksiyalar tətbiq edir. Bu istənilən halda Rusiyanın enerji üzərindən regionu təzyiq etməsinə səbəb olur. Əslində Rusiya-Ukrayna müharibəsindən öncə də Avropa İttifaqının Rusiya qazından asılılığa son verməyə, alternativ mənbələrə müraciət etmək kimi düşüncələri var idi. Faktiki olaraq Rusiya Avropaya təzyiq edə biləcək neft və qaz resurslarına malik olsa da, digər ölkələr ayrı-ayrı bunu edə bilmir. Ona görə də digər ölkələrlə ayrı-ayrı əməkdaşlıq etməsi daha məqbuldur. Mərkəzi Asiyanın yerləşdiyi geostratejik üstünlükləri var. Həm Asiya bazarına , həm də Avropa bazarına çıxış imkanı yaradır. Bu baxımdan həm Asiya bazarında Çinə, həm də Azərbaycan üzərindən Avropaya qaz nəqli baxımından maraqlı proseslərin şahidi oluruq. Hesab edirəm ki, Səmərqənddəki görüş də Avropa İttifaqı ilə bağlı olacaqdır. Aİ Azərbaycanın mövcud qaz nəqlini artırmaq üçün Mərkəzi Asiya ölkələrinin qazının Azərbaycan üzərindən Avropaya çatdırmaq məsələsini həll etməyə çalışır. Əgər bu təmin olunarsa, Azərbaycandan maksimum il ərzində 50 milyard kub metrə yaxın qaz sərfiyyatının artırılması düşünülür. Gələcəkdə bunun 100 milyarda artırılması da düşünülür. Təkcə Avropaya Mərkəzi Asiya və Azərbaycan qazının ötürülməsi deyil, yeni yataqların kəşf edilməsi, onların yaralı hala gətirilməsi, texnologiya mübadiləsi kimi məsələlərdə var. Bütün bunlar Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında, həm də Avropa İttifaqı ilə Azərbaycan, həm də Mərkəzi Asiya ölkələri arasında mütəmadi danışıqlarda gündəmin əsas mövzusu deyə bilərik. Təbii ki, söhbət qaz nəqlindən getmir, Azərbaycanın TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətinin artırılması məsələsi də var. Əslində Mərkəzi Asiya ilə danışıqlar uğurlu alınsa belə, əsas missiya burada Azərbaycanın üzərinə düşür. Gələcəkdə Transxəzər layihəsinin də icrası fonunda Avropaya birbaşa qaz nəqli Azərbaycan üzərindən mümkün olacaqdır".
Zeynəb Mustafazadə