Ermənistan XİN İrəvan və Bakı arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığını təsdiqləyib

İrəvan və Bakı sülh sazişinin mətni üzrə danışıqları yekunlaşdırıb, mətnin açıq qalan son iki bəndi razılaşdırılıb.

Olaylar.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirliyindən bildirilib.

"Beləliklə, sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistan sənədin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycanla məsləhətləşmələrə hazırdır", - XİN-dən bildirilib.

Qeyd edək ki, bu gün bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, sülh sazişin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb.

"Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb. Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - o bildirib.

Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:

"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təsisatlarının da ləğv olunması vacib amildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31