Eçmiəzdin kilsəsində “Daşnaksütyun”la görüş: Nə müzakirə olunub?  – ÖZƏL

Eçmiəzdin kilsəsində "Daşnaksütyun" partiyasının rəhbərliyi ilə Ermənistanın gələcəyi və Azərbaycanla bağlı məsələlər müzakirə edilib. Erməni mediası görüşün detalları barədə məlumat verməsə də, kilsənin siyasi proseslərdə aktiv rol almağa və daşnakları ətrafına toplamağa çalışdığı görünür. Ötən ay II Qaregin Ermənistanın guya təhlükədə olduğunu iddia edərək, xalqı mübarizəyə çağırmışdı.

Mövzunu Olaylar.az-a şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq  Azad Məsiyev bildirib ki, Ermənistanda kilsə təkcə dini yox, həm də siyasi, iqtisadi və hərbi gücə malik strukturdur və dövlət siyasətinə birbaşa təsir edir:

"Ermənistanda kilsə dövlət içində dövlətdir və  böyük gücə malikdir. Eyni zamanda erməni ideologiyası kilsədə formalaşır. Bu ideologiyanın həyata keçirilməsində həm daxili, həm də xarici qüvvələr birgə fəaliyyət göstərirlər. Ümumilikdə, kilsə böyük gücə malikdir. Həm iqtisadi, həm siyasi, həm də hərbi. Ermənistanda kilsə terroru maliyyələşdirən, terroru himayə edən, terroru yönəldən bir təşkilatdır. Ümumilikdə Ermənistan dövlət kimi formalaşmamışdan əvvəl erməni cəmiyyətini idarə edən birbaşa kilsə olmuşdu. Bu kilsə uzun müddətdir formalaşıb və dövlət içində böyük bir gücə malikdir. Bu proseslər istər Çar Rusiyası dövründə, istərsə də müasir dövrümüzdə Ermənistanın xarici və daxili siyasətinə birbaşa təsir edir. Xatırlatmaq istəyirəm ki, birinci Qarabağ müharibəsində də kilsənin xarici siyasətdə, xarici diasporasını formalaşdıran və Ermənistana maliyyə dəstəyinin əldə edilməsində müstəsna xidmətləri olmuşdur. Baxmayaraq ki, Ermənistan beynəlxalq aləmdə dünyəvi dövlət statusunda görüşməkdədir, ancaq erməni kilsəsi Ermənistanın istər xarici siyasətinə, istərsə də daxili siyasətinə təsir edir".

Azad Məsiyev əlavə edib ki, erməni kilsəsi Paşinyanın siyasətinə qarşı çıxaraq onu devirmək və "Böyük Ermənistan" ideologiyasını canlandırmaq üçün siyasi və hərbi qüvvələri səfərbər etməyə çalışır.

"44 günlük Vətən savaşından sonra Paşinyanın apardığı xarici və daxili siyasət kilsə tərəfindən tənqid olunur və kilsə Paşinyanın hakimiyyətdən getməsində maraqlıdır. Bu baxımdan xaricdə olan erməni diasporası ilə Paşinyan arasında böyük fikir ayrılığı var. Kilsə bir mərkəz kimi siyasi qüvvələri, terrorçu hərbi qüvvələri səfərbər edir. Yenidən erməni cəmiyyətində xaos yaratmaq, gərginliyi artırmaq, məsuliyyət üçün yeni taktiki gedişlər həyata keçirməkdədir. 
Əgər Ermənistanda kilsədə bu toplantılar olursa, bu bir daha onu göstərir ki, Ermənistanın daxilindəki prosesləri yönəldən birbaşa kilsədir. Paşinyanın apardığı siyasət erməni cəmiyyətinin maraqlarına yox, Qərbin, Birləşmiş Ştatların maraqlarına uyğun gəlir. Ona görə də kilsə çalışır ki, Paşinyanı hakimiyyətdən devirsin. Xatırlatmaq istəyirəm ki, erməni ideologiyasında "Dənizdən dənizə Böyük Ermənistan"ideologiyası məhz kilsənin bazasında yaradılıb. Bu ideologiya yaradılıb və siyasi cəmiyyətə təqdim olunub, cəmiyyətə aşılanır və Ermənistanda da bu cür ideologiya konstitusiyada özünü əks etdirməkdədir. Burada həm Azərbaycan torpaqlarına, eyni zamanda Türkiyə torpaqlarına da iddialı məqamlar var. Kilsə yenidən "Dənizdən dənizə Böyük Ermənistan" xülyasını həyata keçirməkdədir və "Ən gözəl müdafiə hücumdur" prinsipini tətbiq etmək istəyir. Azərbaycanın hücum edəcəyi ilə bağlı saxta tezislər səsləndirirərək cəmiyyətə təqdim edirlər. Hesab edirəm ki, əgər kilsə yenidən Ermənistanda xaos yaratmaq istəyirsə, deməli, məqsəd Paşinyanı devirmək və daha avantürist qüvvələrin hakimiyyətə gətirilməsidir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31