ABŞ-nin Rusiya ilə danışıqları: real atəşkəs, yoxsa diplomatik manevr? – ÖZƏL
17:14 SiyasətABŞ-nin Rusiya ilə danışıqları Ukrayna münaqişəsinin həlli üçün real nəticə verə bilərmi, yoxsa bu, sadəcə diplomatik manevrdir?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Olaylar.az-a bildirib ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlardakı təşəbbüsü əsasən qısa müddətdə atəşkəs əldə etməyə yönəlib, lakin davamlı sülh və Ukraynanın ərazi bütövlüyünün bərpası hələ uzaq perspektiv olaraq qalır:
"ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə dair danışıqlarda təşəbbüsü ələ alması Donald Trampın seçkiqabağı təşviqat dövründə verdiyi vədlərdə ifadə edildiyi kimi qısa müddətdə münaqişəyə son qoyulacağı iddiasını reallaşdırmaq cəhdlərindən daha çox indiki mərhələdə mümkün olan ən qısa zamanda atəşkəsin əldə edilməsini təmin etməyi hədəfləyir. Təbii ki, belə olan halda davamlı sülhə nail olmağın və ya Ukraynanın ərazi bütövlüyünün qısa müddətdə təmin edilməsinin mümkünlüyü müzakirə mövzusu deyil. İlkin mərhələ atəşkəsə dair tərəflərin razılığa gəlməsi, sonrakı mərhələdə sülh gündəliyinin əsas müddəaları üzrə danışıqlara hazırlıq üçün şərait yarada bilər. Eləcə də, əsir və itkin düşmüş şəxslərin taleyinə dair məlumatların dəqiqləşdirilməsi və mübadiləsi, dağıntılara dair ilkin hesabatların hazırlanması və Ukraynanın gələcək yenidənqurma prosesinə dair müzakirələrin keçirilməsi atəşkəsin başlıca şərtləri ola bilər. Nəticə etibarilə, yaxın günlərdə Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasının mümkünlüyü nə qədər real hədəf hesab olunsa da, davamlı sülh və münaqişənin birdəfəlik həlli imkanı gündəliyə daxil edilmiş prioritetlər sırasında o qədər uzaq, hətta qeyri-mümkün ola bilər".
Səidə Ramazanova