İsveçrə bitərəfliyini itirir – Azərbaycanla münasibətlərdə qırılma nöqtəsi? – ÖZƏL
16:07 SiyasətMartın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında mitinq keçirilib. Aksiya iştirakçıları İsveçrə parlamentinin aşağı palatasının 2024-cü ilin dekabrında qəbul etdiyi "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı beynəlxalq konfrans çağırışına dəstək ifadə ediblər.
Uydurma "artsax"ın qondarma "parlamenti" bəyanatında bildirir ki, martın 18-də məsələ İsveçrə parlamentinin yuxarı palatasında müzakirəyə çıxarılacaq. Mitinq iştirakçıları aşağı palataya minnətdarlıq bildirəcək, yuxarı palatanı da qətnamə qəbul etməyə çağıracaq, həmçinin İsveçrə hökumətini "artsax sakinlərinin geri qaytarılması" üçün neytral mövqeyindən istifadə etməyə səsləyəcəklər.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a bildirib ki, İsveçrə bitərəfliyini itirərək xristian təəssübkeşliyinin girovuna çevrilib və bu, Azərbaycanla münasibətlərdə qırılma nöqtəsi olacaq:
"Bir neçə il bundan öncəyə qədər İsveçrə hökuməti tərəfindən qəbul olunmuş qərarların siyasi təsir imkanları daha geniş idi, nəinki bu gün. Bu gün İsveçrənin aşağı və yuxarı palatasının qəbul etdiyi qərarla Afrikada əhalisi acından ölən istər Somali olsun, istər Mozambik, istərsə də başqa bir Afrika dövləti və yaxud okean sularının altında batmaq təhlükəsi ilə üz üzə olan bir dövlətin parlamentinin qərarının o qədər də əhəmiyyətli dərəcədə fərqi yoxdur. İsveçrə uzun illər beynəlxalq münasibətlərdə daha çox obyektivliyi ilə tanınan ölkə olub, təəssüf ki artıq o da öz tərəfsizliyini itirərək bu gün xristian təəssübkeşliyinin girovuna çevirilib. Ermənistana, xüsusilə də qondarma keçmiş Dağlıq Qarabağa vermiş olduğu dəstəyin heç bir beynəlxalq siyasi əhəmiyyəti yoxdur. Belə bir qərarın Azərbaycan üçün heç bir siyasi risk təhlükəsi yoxdur. Bu ancaq qondarma Dağlıq Qarabağ ermənilərinin və Ermənistandakı şovinist və separatçı cəmiyyətin hələ də ayaqda saxlanması üçün təbliğat tezisidir. Təbii ki, İsveçrə əvvəlki bitərəf mövqeyini qoruyub saxlaya bilsəydi, həm Azərbaycan, həm də Ermənistan tərəfindən sülh proseslərində bir vasitəçi ölkə kimi arzu oluna bilərdi. Amma bu gün siyasi mövqeyini bəyan etmiş və siyasi tərəfsizliyini itirmiş İsveçrə hakimiyyətinin bir qanadını təmsil edən qanunverici orqanda belə bir saxta, cəfəng qərarların qəbul edilməsinin nə sülh danışıqlarına təsiri olmayacaq, nə də bu qəbul olunmuş qərarların Azərbaycan tərəfinə təzyiq, Ermənistan tərəfinə isə üstün imkanlar qazandırılması kimi siyasi nəticələri olmayacaq. Bu proses İsveçrənin Azərbaycanla münasibətlərində qırılma nöqtəsinə çevriləcək. İsveçrənin Azərbaycanla əməkdaşlığına kölgə salacaq. Ermənistan elə bir ölkədir ki, o yükdü. Bu gün İsveçrənin özünün isə kifayət qədər qayğıları mövcuddur. Onun əlavə problemləri üzərinə götürməsi İsveç hakimiyyətinin çox yanlış və çox qeyri-səmərəli bir siyasi xəttidir. Bunu yəqin ki, İsveç xalqı da İsveç hakimiyyətinə bağışlamayacaqdır".
Səidə Ramazanova