Rusiya atəşkəsə yalnız əlverişli məqamda razı olacaq- Tofiq Abbasov - ÖZƏL

Amerikalı nümayəndələr Rusiya ilə Ukrayna münaqişəsi üzrə danışıqlar aparmaq üçün Moskvaya gedib.  ABŞ Prezidenti Donald Tramp atəşkəsin əldə olunacağına ümid etdiyini vurğulayıb. Tramp Rusiyaya qarşı təzyiq və iqtisadi addımlar ata biləcəyini desə də, buna ehtiyac qalmayacağını düşünür. Vitse-prezident Cey Di Vens isə Ukraynanın atəşkəsə razı olduğunu və Rusiyanı da razı salmağa çalışdıqlarını bildirib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a   bildirib ki, Rusiya atəşkəsə yalnız əlverişli məqamda razı olacaq:
"Təkcə döyüş meydanlarında yox, həm də diplomatik sahədə vəziyyət mürəkkəbdir. Çünki Donald Tramp və Vladimir Putinin telefon danışıqlarından sonra böyük ümidlər yarandı ki, iki nəhəng dövlət arasında Ukrayna haqqında sülhlə bağlı bir ortaq məxrəc tapılacaq. Ancaq vəziyyət günbəgün dəyişir.  Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi   Vladimir Putinə  bildirdi ki, üstünlük Rusiyanın tərəfindədir. Sülhə gedən tərəf həmişə çalışır ki, üstünlüyü əldə etdikdən sonra danışıq meydanlarında mövqeləri güclənsin və öz istəklərinə nail olsun. Düşünürəm ki, Ukraynanın sülhə razılıq verməsi qaçılmaz məsələdir. Savaşda hər iki ölkənin strateji imkanları, potensial baxımdan göstəriciləri bir-birinə ziddir. Yəni  Rusiya nəhəng dövlətdir, ərazisi, təbii sərvətləri daha böyükdür, amma Ukrayna bu imkanlara görə daha zəifdir. Ona görə də, Ukraynanın ən böyük ümidi Qərb dövlətlərinin dəstəyidir. Elə başa düşürəm ki, Rusiya dərhal buna razılıq verməyəcək. Çünki baş komandanlığın ordu qarşısında qoyduğu tapşırıqlar hələ tam yerinə yetirilməyib. Digər tərəfdən Ukrayna siyasi manevrləri daha çox istifadə edir ki, ABŞ və Qərbi  Avropa ilə münasibətləri tənzimləsin. Rusiya bütün bu prosesləri müşahidə edərək çalışır əlverişli məqamda atəşkəsə razı olsun. Rusiya hələ bir çox məntəqələri azad edir, o cümlədən Kursk vilayətindəki əməliyyatları davam etdirir. Əgər  həqiqətən də üstünlük tamamilə Rusiya ordusu tərəfində olacaqsa,  o zaman Rusiya  ABŞ-nin sözünü yerə salmaz. Amma Tramp kortəbii şəkildə bunu deyir, sonra xahiş edir, sonra tələb edir və hədələyir. Bu tərzdə olan şərhlərlə Rusiya heç vaxt bu prosesdə güzəşt etməyəcək. Bu proseslərdə təmkin lazımdır. Düzdür müharibə edən tərəflərin hər ikisi itki verir, yüzlərlə insan həyatını itirir, şəhərlər dağılır. Müharibə nə qədər tez bitsə daha yaxşı olacaq. Humanist baxış da bunu tələb edir. Digər tərəfdən geosiyasi hədəflərin mövcudluğu onu göstərir ki, sülhün əldə olunması asan məsələyə çevrilməyəcək. Burada bir paralellik görürəm. Ötən əsrin 80-ci illərində İraq-İran müharibəsi də uzun oldu, 8 il davam etdi. Nəticədə İran Şəttül-Ərəb çayının şərqini ələ keçirdi və qələbə qazandı. Amma bunun qarşılığında yüzminlərlə insan öldürüldü,  şəhərlər dağınıq vəziyyətdə qaldı. Hesab edirəm ki, bu cəbhədə sülh ən azı 2-3 il sonra olacaq, Rusiya maksimum Ukrayna ərazilərini ələ keçirəcək ki,  atəşkəs zamanı onun üstünlüyü birmənalı olsun". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31