Trampın Rusiya ilə yaxınlaşması: Beynəlxalq xaosu dərinləşdirən addım – ÖZƏL
6 Mart 13:51 SiyasətABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışması son dövrlərdə beynəlxalq siyasətdə diqqət çəkən mövzulardan biridir. Tramp administrasiyası, sələflərinin transatlantik münasibətləri gücləndirmək siyasətindən fərqli olaraq, ABŞ-nin Ukrayna ilə bağlı strategiyasını dəyişdirərək Rusiya ilə əlaqələri normallaşdırmağa çalışır.
ABŞ-nin Rusiya ilə münasibətləri yaxşılaşdırmaqda əsas məqsədi nədir?
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a bildirib ki, Donald Trampın ənənəvi Amerika siyasətindən imtina etməsi beynəlxalq xaosu dərinləşdirərək, 3-cü dünya müharibəsi riskini artırır:
"Donald Trampın ənənəvi Amerika siyasətindən imtina etməsi beynəlxalq aləmdə xaosun daha da genişlənməsinə, yeni vüsət almasına səbəb olacaq məqamlarla yadda qalır. Bu, heç şübhəsiz ki, təkcə Amerika Birləşmiş Ştatlarına deyil, bütövlükdə dünya üçün heç də sabit, təhlükəsiz bir gələcək vəd etmir. Baxmayaraq ki, Donald Trampın və onun administrasiyasının Ukraynanı Rusiyaya qarşı sülh adı altında təslimçiliyə təhrik etməsinin əsas arqumenti "3-cü dünya müharibəsini önləmək" kimi bir iddia üzərində fokuslansa da, biz ABŞ-nin Ukraynaya münasibətlərdə özünün ənənəvi müttəfiqlərindən fərqli mövqe nümayiş etdirməsinin, Rusiya ilə yaxınlaşmağa meyl göstərməsinin gələcək üçün yaxşı nəticələr vəd etdiyini deyə bilmərik. Mart ayının 2-də Londonda təşkil olunan Avropa ölkələrinin sammiti, martın 5-də Fransa prezidenti Makronun xalqa müraciəti - Avropada yaşanan bütün gərginliklər onu göstərir ki, Avropa artıq ABŞ-yə əvvəlki qədər güvənmir və bu güvənsizlik heç şübhəsiz ki, təkcə Avropa üçün deyil, dünyanın özü üçün sabit və təhlükəsizlik bir gələcək vəd etmir. Bu, beynəlxalq xaosu daha da dərinləşdirir, 3-cü dünya müharibəsi riskini daha da artırır".
Rusiya Trampa nə üçün lazımdır?
"Bu gün Trampın atdığı addımlardan daha çox biz onun ənənəvi müttəfiqlərdən uzaqlaşdığının şahidi oluruq. İstər Danimarkaya qarşı İrlandiya iddiasının, istər Kanadaya qarşı "ABŞ-nin 51-ci ştatı ol" tələbinin, Panama kanalına qarşı iddianın irəli sürülməsi və digər açıqlamalar, hətta ABŞ-nin vitse prezidentinin Zelenskiyə "Vəzifədən get və üçüncü bir dünya ölkəsində yaşamağı seç" formasında utimativ dildə danışması hazırkı ABŞ hakimiyyətinin siyasətinin yaxın gələcək üçün təhlükəsiz və sülh dövrü vəd etmədiyini göstərir. Əksinə, bu daha çox ABŞ-nin özünün beynəlxalq reputasiyasını korlamaqla yanaşı, həm də bütövlükdə dünya üçün yeni təhdidlər, təhlükələr yaradır. Hətta imtina etmək istədiyi, təslim olmağa çağırdığı Ukraynaya söylədiyi "3-cü dünya müharibəsindən qaçış" tezisinin nəinki qarşısını alır, əksinə daha da tezləşdirir".
Səidə Ramazanova