Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Moskvanın təzyiq mexanizmləri tükənib? – ÖZƏL

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin son açıqlaması diqqət çəkib. Belə ki, o, Azərbaycanın Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anladığını və Moskvanın Bakının gələcək addımlarında bunu rəhbər tutacağını gözlədiyini bildirib. Türkiyə mediasının yaydığı məlumata görə, "Sputnik"in və "Rus evi"nin bağlanmasına qarşılıq olaraq Moskva Novorossiysk neft kəmərinin bağlanması variantını müzakirə edir. Lakin rəsmilər bu addımın Bakıya böyük təsir etməyəcəyini vurğulayıblar.

Maraqlıdır ki, Türkiyənin ən böyük media quruluşlarından olan "Türkiye" qəzetində bu cür analitik yazının dərci təsadüf sayıla bilməz. Bu qəzetdə çıxan belə bir yazı Türkiyə dövlətinin mövqeyi və məlumatı, eləcə də xəbərdarlığı kimi qəbul edilir.

Bəs Moskvanın Novorossiysk neft kəmərinin bağlanması variantını müzakirə etməsi nə dərəcədə real görünür? Bu addımın enerji bazarına və regiondakı geosiyasi dinamika təsiri necə ola bilər?

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiya Xarici İşlər nazirinin müavininin açıqlaması əsassızdır, çünki Azərbaycan strateji tərəfdaşlıq prinsiplərinə sadiqdir, lakin Rusiya eyni yanaşmanı nümayiş etdirmir:

"Rusiya Xarici İşlər nazirinin müavininin verdiyi açıqlama olduqca ziddiyyətli və məntiqsiz açıqlamadır. Çünki əslində Azərbaycan, həqiqətən də Rusiya ilə strateji münasibətlərin əhəmiyyətini anlayan və ona uyğun davranan bir dövlətdir. Ancaq Kremlin Azərbaycandan Rusiya ilə strateji münasibətlərə uyğun addımlar gözləməsi tamamilə məntiqsizdir. Çünki Azərbaycan bu münasibətlərin önəmini həmişə nəzərə alır. Ancaq Rusiya bunu nəzərə almır. Nədənsə Rusiya üçün Azərbaycan ilə strateji münasibətlərin önəmi o qədər də ön planda saxlanmır, əksinə, Azərbaycanla strateji münasibətləri korlayan addımlar atılır. AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması və ona Kremlin verdiyi qeyri-adekvat, qeyri-səmimi yanaşma da bunu sübut edir. Yəni əgər Kremldə Azərbaycanla strateji münasibətlər böyük önəm daşıyırsa, o zaman strateji tərəfdaşa hörmətlə yanaşılmalı idi və AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə Azərbaycandan üzr istəməli idi və üzr istəndikdən sonra da bunun təzminatı ödəməli idi. Halbuki Rusiya imperialist dövlət kimi davranmaqda davam edir və Azərbaycanla, yəni özünün strateji münasibətləri olan bir dövlətlə daha bərabərhüquqlu davranmaqdan yayınmağa çalışır, daha çox təhdid dilində, təhdid ritorikasında reaksiyalar verir. Ona görə də Rusiya Xarici İşlər nazirinin müavini verdiyi açıqlamalarda çox məntiqsiz mövqedən çıxış edib və heç bir əhəmiyyəti yoxdur. Rəsmi Bakı prinsipial mövqe tutur və sona qədər də öz mövqeyini müdafiə edəcək kimi görünür".

Elçin Xalidbəyli qeyd edib ki, Azərbaycan beynəlxalq və ikitərəfli sazişlərə uyğun olaraq "Rus evi"ni və "Sputnik Azərbaycan"ı bağladı, lakin Rusiya bunu narazılıqla qarşılayır.

"Digər tərəfdən, məsələn, Rusiyanın Azərbaycanda mətbuat qurumları saxlamasının özü də anormal bir yanaşmadır. Rus evinin fəaliyyət göstərməsi də anormal yanaşma idi. Çünki Azərbaycan dövlətinin analoji qurumları Rusiya ərazisində mövcud deyil. Bu, Azərbaycan diasporunun orada qurduğu hansısa bir diaspor təşkilatı həmin statusa bərabər tutula bilməz. Çünki "Rus evi" Azərbaycanda Rusiya dövlət qurumunun tərəfindən yaradılmış bir qurum idi. Eyni zamanda Rusiyanın əsas dövlətə bağlı mətbuat qurumu da Azərbaycanda "Sputnik Azərbaycan" adlı bir qurum idi və Azərbaycan dövləti çox haqlı olaraq "Rus evi"ni qapatdı. Eyni zamanda, "Sputnik Azərbaycan"ın da fəaliyyətinə xitam verdi və ikitərəfli sazişlərə uyğun olaraq Rusiya mətbuat qurumu, yəni "Sputnik Azərbaycan"ın sahibi olan mətbuat qurumu Azərbaycanda bir müxbir üçün akkreditasiya açdıra bilər. Yəni Azərbaycanın davranışlarında Beynəlxalq Hüquqdan və yaxud da iki dövlətlərarası sazişlərdən kənar bir davranış müşahidə olunmur. Azərbaycan həm Beynəlxalq Hüquq, həm də Rusiya və Azərbaycan arasında imzalanmış hüquqi sənədlərə uyğun davranır. Sadəcə Rusiya həmin hüquqi sənədlərdən yan keçməyə vərdiş etdiyinə görə, indi bir qədər bundan qıcıqlanmış kimi görünür".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan Rusiyadan kifayət qədər uzaqlaşıb, öz enerji və hərbi təhlükəsizliyini təmin edib, buna görə də Moskvanın Bakıya təzyiq göstərmək üçün ciddi mexanizmi qalmayıb.

"O ki qaldı Azərbaycana qarşı Rusiyanın hansısa sanksiyalar tətbiq etməsinə və yaxud da təzyiq mexanizmlərini işə salmasına bu da real deyil. Çünki Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmləri artıq demək olar ki, yoxdur. Çünki Azərbaycan Rusiyadan kifayət qədər uzaqlaşıb və Azərbaycan Rusiya üçün əlçatmaz dövlətə çevrilib. Enerji resurslarının nəqli ilə bağlı sanksiyalar isə ümumiyyətlə absurd mövzudur. Çünki reallıqda Novorossiysk kəməri demək olar ki, fəaliyyət göstərmir. Demək olar ki, fəaliyyət göstərməyən bir enerji kəməri üzərindən Azərbaycana təzyiq göstərmək də açıqdır. Çünki Azərbaycanın Bakı-Tiflis-Ceyhan və digər Rusiyadan yan keçən enerji boru kəmərləri mövcuddur və Rusiya Azərbaycana məhz bu istiqamətlərdən hər hansı təzyiq göstərə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edib, öz hərbi təhlükəsizlik məsələlərini böyük ölçüdə həll edib. Azərbaycan ərazisində hər hansı bir xarici ölkənin, o cümlədən Rusiyanın hərbi bazaları mövcud deyil. Azərbaycan özünün enerji təhlükəsizliyini də təmin edib. Dünya bazarlarına enerji nəqli ilə bağlı boru kəmərlərini də Rusiyadan yan keçməklə inşa etməyə nail olub. Yəni bundan sonra Rusiyanın Azərbaycana reallıqda təzyiq göstərməsi üçün elə bir ciddi təzyiq mexanizmi mövcud deyil. Azərbaycanın Rusiyaya heç ehtiyacı da yoxdur. Əksinə, Rusiyanın Azərbaycana ehtiyacı var. Rusiya Azərbaycan ərazisindən istifadə etməklə Şimal-Cənub dəhlizinin yaradılmasına cəhd edib. Azərbaycanla ticarət Rusiya üçün kifayət qədər ciddi önəm daşıyır. Çünki Azərbaycan kənd təsərrüfatı məhsulları Rusiya bazarları üçün önəmli bir faktordur. Bütün bunları nəzərə alanda Rusiya Azərbaycanla münasibətlərə daha ehtiyatlı və daha həssas yanaşmağa məcburdur. Ancaq Rusiyanın imperialist bir dövlət olması Kremlə bu məsələdə çox ciddi əngəllər yaradır. Rusiya əgər öz gələcək taleyində inkişaf və müasir dövrə uyğunlaşmaq, müasir dövrə dövrün tələbləri ilə ayaqlaşmaq kimi bir niyyəti varsa, öz imperialist siyasi ideoloji xəttindən də uzaqlaşmaq məcburiyyətindədir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31