Malıbəyli və Quşçular qətliamından 33 il ötür- ÖZƏL
10 Fevral 11:40 Siyasət"1992-ci ilin 10-12 fevral tarixlərində erməni terrorçuları Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə qəfil hücum edərək dinc azərbaycanlıları amansızcasına qətlə yetirdilər. Həmin gecə 50-yə yaxın günahsız insan - qadın, uşaq, yaşlı demədən, işgəncələrlə öldürüldü. Kəndlər yandırıldı, insanlar doğma torpaqlarından didərgin salındı. Malıbəyli və Quşçular qətliamı təkcə bir kəndin deyil, bütöv Azərbaycanın faciəsi idi. Çünki bu qətliamın ardınca Qaradağlı, Ağdaban, Xocalı soyqırımları baş verdi. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş tarixi bir cinayət idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: " Lakin biz unutmadıq. Unutmayacağıq da. Çünki keçmişini unudan, tarixini yaşatmayan xalqın gələcəyi olmaz! Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Azərbaycanlılara qarşı törədilmiş ağır cinayətləri unutmamaq, böyüyən nəsli düşmənin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək bizim tarixi vəzifəmizdir".
Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Bu gün Malıbəyli və Quşçular faciəsinin günahsız qurbanlarını dərin hüznlə yad edirik. Bəli, xalqımız erməni vandallarının törətdiyi faciələri heç zaman unutmayacaq".