İranın nüvə potensialı və geosiyasi balans– ÖZƏL

"İranın nüvə potensialını inkişaf etdirməsinə baxmayaraq, bu gücdən nüvə silahı yaratmaq üçün istifadə etməməsi maraqlı bir məqamdır. Əgər Tehran illər əvvəl və ya indi belə bir addım atmayıbsa, deməli, bunun əsas səbəbi xarici müdaxilə qorxusudur. İran hakimiyyəti anlayır ki, Qərb dövlətləri nüvə silahına sahib olmasını hüquqi baza kimi istifadə edib ona qarşı hərbi müdaxilə edə bilər".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"İraq nümunəsi bunun ən bariz sübutudur. 2003-cü ildə ABŞ və müttəfiqləri Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olduğunu iddia edərək İraqa müdaxilə etdilər. Qərb ölkələri sübut etməyə çalışdılar ki, bu silahlar yalnız region üçün yox, həm də beynəlxalq sabitlik üçün təhlükə mənbəyidir. Nəticədə, İraqa hücum edildi və rejim devrildi.

Tehran da başa düşür ki, əgər İran nüvə silahı istehsal etsə, Qərb bunu müdaxilə üçün bəhanəyə çevirə bilər. Bu halda hətta İranı dəstəkləyən Rusiya, Çin və digər dövlətlər də açıq şəkildə onun müdafiəsinə qalxmaqda çətinlik çəkə bilərlər. Çünki Qərb artıq öz hərbi əməliyyatları üçün hüquqi zəmin yaratmış olacaq.

Amma burada bir məqam var: Netanyahunun iddia etdiyi kimi İranın yeganə qorxusu İsrail deyil. Əgər Tehran sadəcə İsraildən çəkinirdi desək, onda İran artıq 10 il əvvəl, hətta daha əvvəl nüvə silahını inkişaf etdirərdi. Üstəlik, qüvvələr nisbətində İran və İsrail arasında elə də böyük fərq yoxdur. Bəli, İsrail hərbi texnologiya baxımından İrandan daha inkişaf etmiş bir ölkədir. Ancaq geosiyasi vəziyyətə və iki dövlət arasında müharibə ehtimalına baxsaq, İranın da İsrailə müqavimət göstərmək üçün ciddi potensialı var.

Bu halda sual yaranır: İran nüvə silahı istehsal etməkdən niyə çəkinir? Əsas səbəb Qərb dövlətləridir. Qərb ölkələri illərdir İranı təzyiq altında saxlamaq üçün müxtəlif vasitələrdən, o cümlədən İsrailin regiondakı mövqeyindən istifadə ediblər. İsrailin ərazi genişləndirmə siyasəti İran üçün təhlükə hesab olunur, amma Tehran anlayır ki, bu məsələdə İsrailin arxasında ABŞ və Qərbi Avropa dayanır. Məhz bu səbəbdən İran Qərblə münasibətlərini tamamilə kəskinləşdirmək istəmir və nüvə silahı məsələsini ikinci plana atmağa məcbur olur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31