Müəllimin dərs dediyi uşağa dərsdən sonra repetitorluq etməsi ayıbdır - Emin Əmrullayev

Mən hesab edirəm ki, müəllim sinifdə dərs dediyi uşağa dərsdən sonra repetitorluq edirsə, bu onun üçün ayıbdır.

Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, cəmiyyətdə repetitorluğa münasibət birmənalı deyil:

"Bir qisim düşünür ki, məktəb çox pis vəziyyətdədir, buna görə repetitor yanına getməlisən. Digər qisim isə düşünür ki, ali məktəbə hazırlıq üçün repetitor yanına getmək lazımdır. Başqa bir məqam isə valideyn işləyir və uşağını məcbur şəkildə repetitor yanına göndərir ki, axşam evə gələndə dərsləri hazırlamaq üçün əlavə vaxt getməsin. Repetitorluğun geniş yayılmasına digər səbəb isə evdə rus dilində danışmayanların uşaqlarını tədrisin rus dilində olduğu məktəbə göndərməsidir. Yəni repetitorluq həm də seçim məsələsidir.

"Bizim arqumentimiz budur ki, repetitorluq edən müəllim də həm də məktəbdə dərs deyir. Necə ola bilər ki, həmin müəllim sinifdə pis müəllimdir, amma repetitor olaraq yaxşıdır? Mən hər zaman demişəm, bu həm də vicdan məsələsidir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31