Rusiyalı qonaqlar Sumqayıtın dəniz sahillərini müşahidə ediblər

Rusiyanın Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda qonaq olan müəllim-tələbə heyəti İnstitut alimlərinin müşayiəti ilə Xəzər dənizinin Azərbaycan sahillərinin müasir vəziyyətini öyrənmək məqsədi ilə Sumqayıt şəhərinə səfər edib.

Coğrafiya İnstitutunun aparıcı elmi işçiləri, dosentlər, elmi katib Səidə Zeynalova və Elina  Kərimovanın müşayiəti ilə  Sumqayıt Kimya Sənaye və Texnologiyalar Parkında olan qonaqlar müəssisələrlə tanış olublar. Azərbaycanlı alimlər onlara bu parkların yaranma tarixi, mövcud vəziyyəti, tərkibinə daxil olan müəssisələr və istehsal olunan məhsullar haqqında məlumat veriblər.

Sonra qonaqlar Sumqayıt Xəzər sahilinə yola düşüblər. Burada onlar Xəzər dənizinin sahil xəttinin bugünkü vəziyyətini və dəniz səviyyəsinin aşağı düşməsinin nəticələrini müşahidə ediblər.

S. Zeynalova və E.Kərimova  ziyarətçilərə Xəzər dənizinin səviyyəsində baş verən enmə və qalxma mərhələləri, onların səbəbləri, dəniz səviyyəsinin azalmasının iqtisadi və ekoloji nəticələri, bu proseslərin sahil infrastrukturuna, sənaye və əhalinin həyatına təsiri, həmçinin hökumət tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat veriblər, onların çoxsaylı suallarını cavablandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31