Ekspert: “Aİ missiyası Qərbin geosiyasi alətinə çevrildi” – ÖZƏL
30 Yanvar 17:13 Siyasət"Ermənistan 2020-ci və 2022-ci illərdə Rusiyanın və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onu müdafiə etmədiyini bəhanə gətirərək Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra xarici diplomatiyasına tətbiq etdiyi ciddi dəyişikliklərə - başlatdığı qərbyönlümü siyasətinə bəhanə qazandı. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə Azərbaycan-Ermənistan danışıqlarında Avropa İttifaqı (Aİ) müxtəlif yollarla təsirini artırmağa çalışdı".
Bu fikirləri siyasi ekspert Elmir Səftərov Avropa İttifaqının səfirlərinin Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləməsini Olaylar.az-a şərh edərkən deyib.
"Əsasən, 2020-ci ildən sonra Ermənistanın təhlükəsizlik sahəsində Rusiyaya etibarı azaldı və Azərbaycanla danışıqlarda öz mövqeyini yaxşılaşdırmaq üçün xarici oyunçulara güvənməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyan, eyni zamanda, Rusiyanın sülhməramlı səylərinin effektivliyinə şübhə ilə yanaşaraq, bunu BMT missiyasına çevirməyi təklif etmişdi. Artıq bəlli idi ki, Qərbin təzyiqləri səbəbindən mövqeləri zəifləyən Rusiya Aİ-nin regionda mühüm oyunçu kimi meydana çıxmasını maraqlarına zidd hesab edir. Həmçinin Moskva ipi Qərbin əlində olan missiyaların regionda sabitliyə təhdid törətdiyini və müharibə risklərini artırdığını hesab edir. Bundan sonra, 2022-ci ilin oktyabrında Azərbaycan, Ermənistan, Fransa liderləri və Avropa Şurasının Prezidenti arasında keçirilən dördtərəfli görüşdə razılaşdırılan Avropa İttifaqının müşahidəçilərinin sərhədə göndərilməsi Bakı-İrəvan münasibətlərinin normallaşma prosesinə töhfə verməyə hədəflənmişdi və onun müddəti 2 ay idi. Lakin sonradan Aİ-nin missiyası barədə Azərbaycansız verilən qərar ölkəmizə qarşı bu formatın da qərəzliliyini və Ermənistanın xeyrinə irəli sürüldüyünü deməyə ciddi əsaslar yaratdı. Belə də oldu, artıq Avropa İttifaqı ölkələrinin səfirləri 2025-ci il yanvarın 29-da Brüsseldə Ermənistandakı Aİ missiyasının fəaliyyət müddətinin daha 2 il uzadılmasına dair qərarı təsdiqlədilər".
Ekspert qeyd edib ki, neytral mülki missiyadan çox Qərb ölkələrinin maraqlarına xidmət edən müşahidəçilər, həmçinin regiondakı vəziyyətin sabitliyinə də ciddi təhdid yaradır:
"Onlar əldə etdiyi kəşfiyyat məlumatları və analizlərlə hərbi baxımdan Ermənistanın hücum və müdafiə keyfiyyətlərini artırmağa və ehtimal toqquşmalarda Ermənistan ordusunun yüksək hazırlığa nail olması üçün çalışırlar. Ermənistanın silahlanması və ABŞ-lə keçirilən təlimlər fonunda müşahidəçilər də sərhəddə müəyyən qeydiyyatlar aparır, həm də İrəvanın vaxt qazanmasına çalışırlar.
Rusiya-Ukrayna müharibəsi ilə paralel olaraq, Aİ-nin "mülki" missiyası Qərbin uzunmüddətli geosiyasi planlarının bir hissəsinə çevrildi. Qərbin Rusiyanı ən azı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri kontekstində Aİ-nin fəaliyyət müddətinin uzadılması, həmçinin Moskvanın və İranın Ermənistandakı mövqelərinə zərbə kimi də qiymətləndirmək olar.
Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə yeni reallıqlar yaratdıqdan sonra region mühüm və qarışıq prosesdən keçir. Güclü nüfuzu olan regionun ənənəvi imperiyalarından əlavə, dəyişən güc mərkəzləri səbəbindən Qərb və Rusiya arasında region uğrunda mübarizə də kəskinləşməkdədir. Rusiyanın başının müharibəyə qarsıması isə Qərbin əl-qolunu açır. Qardaş Türkiyə amili isə Ankaranın həm öz təhlükəsizliyini, həm də Azərbaycanın maraqlarının Cənubi Qafqazda qorunmasını başlıca vəzifəyə çevirir və strateji tərəfdaşlığı ən yüksək səviyyədə gündəmə gətirir. Ermənistan, Gürcüstan kontekstində İranın da maraqlarını güddüyü region ortaq yanaşmalar formalaşdırağı zərurət halına gətirir. Son aylarda artan region ilə bağlı aktiv diplomatik danışıqlar da məhz bu məsələ ilə bağlıdır".
Qiymət Mahir