Süni intellekt yalnız texnoloji yenilik deyil, həm də universitetlərin idarəetmə fəlsəfəsini dəyişdirən strateji amildir- ÖZƏL
12:37 SosialKabardino-Balkar Dövlət Aqrar Universitetində keçirilən "Qlobal transformasiyalar şəraitində sosial-iqtisadi sistemlər: inkişaf problemləri və perspektivləri" mövzusunda VI Beynəlxalq Elmi-Praktik Konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Tədqiqatlar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Fərrux Məmmədov plenar iclasda geniş məruzə ilə çıxış edib. "Olaylar" xəbər verir ki, Konfrans Rusiya Federasiyasının Kabardino-Balkar Respublikasında təşkil olunmuş və müxtəlif ölkələrin alimlərini, ekspertlərini, universitet rəhbərlərini, dövlət qurumlarının nümayəndələrini bir araya gətirmişdir. Tədbirin əsas məqsədi qlobal iqtisadi dəyişikliklər, texnoloji transformasiya, iqtisadi təhlükəsizlik, innovasiya siyasəti və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi olmuşdur.
Professor Zahid Məmmədov həm konfransın proqram komitəsinin üzvü kimi, həm də əsas plenar məruzəçilərdən biri kimi tədbirdə xüsusi yer almışdır. Konfrans proqramında onun adı beynəlxalq elmi komitənin tərkibində qeyd edilmişdir.
Alimin plenar məruzəsinin mövzusu "Universitetlərdə etik idarəetmə: institusional model və mexanizmləri" olmuşdur. Məruzədə müasir universitetlərdə süni intellekt texnologiyalarının tətbiqi, akademik etik problemlər, rəqəmsal transformasiya, universitet idarəçiliyində yeni çağırışlar və ali təhsil sisteminin gələcək inkişaf istiqamətləri geniş şəkildə təhlil edilmişdir.
Professor Zahid Məmmədov çıxışında qeyd etmişdir ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də universitetlərin idarəetmə fəlsəfəsini dəyişdirən strateji amildir. O vurğulamışdır ki, ali təhsil müəssisələri süni intellektdən istifadədə etik prinsipləri, akademik dürüstlüyü və insan kapitalının inkişafını prioritet hesab etməlidir.
Məruzədə həmçinin universitetlərin rəqəmsal təhlükəsizliyi, elmi nəticələrin keyfiyyəti, elmi plagiat riskləri, süni intellektin tədqiqat prosesinə təsiri və texnoloji suverenlik məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Professor Zahid Məmmədov bildirmişdir ki, universitetlər yalnız bilik istehsal edən mərkəz deyil, həm də texnoloji və intellektual təhlükəsizliyin strateji təminatçılarıdır.
Konfrans iştirakçıları professorun çıxışını böyük maraqla qarşılamış, mövzunun aktuallığını və elmi-praktik əhəmiyyətini yüksək qiymətləndirmişlər. Çıxış zamanı universitetlərin gələcək inkişaf modeli, süni intellekt dövründə yeni akademik idarəetmə yanaşmaları və beynəlxalq təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, beynəlxalq konfransın proqramında Türkiyə, Rusiya, Azərbaycan, Monqolustan və digər ölkələrdən alimlərin çıxışları yer almış, tədbirdə texnoloji suverenlik, iqtisadi təhlükəsizlik, innovasiya siyasəti və dayanıqlı inkişaf istiqamətləri üzrə aktual məsələlər müzakirə olunmuşdur.
Konfrans professor Zahid Məmmədovun beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəaliyyətinin, universitet elmi və ali təhsil sahəsində aparılan tədqiqatlarının beynəlxalq səviyyədə maraq doğurduğunu bir daha nümayiş etdirmişdir.