Bu sənəd bölgədə sülhə və sabitliyə xidmət etməyəcək– ÖZƏL
17:00 Siyasət"Ermənistanla ABŞ arasında imzalanan bu sənəd bölgə üçün heç də xoş gələcək vəd etmir. Hesab edirəm ki, bu sənədin imzalanması ilə ABŞ faktiki olaraq Güney Qafqazdakı proseslərə kobud müdaxilə etdi və Ermənistan üzərindən bölgəyə yerləşmək üçün əsaslar əldə etdi. Sənədlə tanış olduqda onu görürük ki, bu sənəd bölgədə heç də sülhə və sabitliyə xidmət etməyəcək".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Ən azı sərhədlərin delimitasiya-demarkasiya prosesinin Almatı Bəyannaməsi üzrə aparılması ilə bağlı qeyd edilməsi onu göstərir ki, burada Ermənistanın narrativləri daha çox önə çıxarılmaqdadır və zamanında Almatı Bəyannaməsini düzəlişlərlə qəbul edən Ermənistan bugünkü Ermənistanın "kupçası"nı almaq üçün hökmən Almatı Bəyannaməsindən yapışmaq məcburiyyətində qalıb. Bundan başqa həmin sənəddə kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı yanaşmaya diqqət etdikdə görürük ki, burada yenə Ermənistanın maraqları önə çıxarılmaqdadır və faktiki olaraq bu yanaşma üçtərəfli bəyanatın doqquzuncu maddəsinə tamamilə zidd bir yanaşmadır. Bundan başqa həmin sənəddə Qarabağdan könüllü getmiş insanlarla bağlı yer alan müddəa bir daha onu göstərir ki, ABŞ, Bayden administrasiyası 4 ildən bəri Azərbaycana qarşı istifadə etdiyi təzyiq mexanizmlərindən əl çəkməyib. Faktiki olaraq Qarabağdan yerini dəyişmiş adlandırılan insanlar və bu termin əslində, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə şübhə yeri qoymaqdadır. Yəni, bu onu göstərir ki, ABŞ sözdə Azərbaycanın bütövlüyünü dəstəkləsə də, əslində əməli sahədə bunun əleyhinə fəaliyyət göstərməkdədir. Bu sənədin təhlükəsizlik, müdafiə, o cümlədən sərhədlə bağlı qisimdə olan məsələlər bizim üçün maraqlıdır. Bu, əslində ABŞ-nin hərtərəfli şəkildə Ermənistanı dəstəkləməsinin, onu Marşal proqramı əsasında yenidən qurmağa çalışdığının göstəricisidir. Bu da Ermənistan cəmiyyətində Azərbaycana, o cümlədən qonşularına qarşı ərazi iddialarının davam etdirilməsinə stimul verir. O Amerika ki, guya beynəlxalq hüququn tərəfində çıxış edir, həmin sənəddə ləyaqətli sülhdən söhbət edir, bu əslində o deməkdir ki, ABŞ bu savaşdan məğlub çıxmış aqressor, işğalçı Ermənistanı müdafiə etmək üçün bu termindən istifadə edir. Əslində, həmin sənəddə Azərbaycanın da tələb etdiyi kimi ədalətli sülhdən söhbət getməlidir. Əgər ədalətli sülhdən söhbət gedərsə, o zaman Ermənistan Azərbaycan ərazilərində törətfiyi cinayətlərə görə üzr istəməli, təzminat ödəməlidir. Vaxtilə Qərbi Azərbaycandan qovulmuş, deportasiya edilmiş insanların geri qayıtmasını təmin etməli idi. Bu sənəddə görürük ki, ABŞ Ermənistana dəstək verməklə Güney Qafqazda heç də sabitliyi təmin etmək niyyətində deyil. Bu sənəddə Rusiyanın, İranın maraqlarına toxunan məqamlar var. Bu ölkələrin həmin sənədə necə reaksiya verəcəklərini gələcəkdə görəcəyik. Rusiyanın, o cümlədən İranın hal-hazırda hansısa ciddi addımlar atacağı düşünülmür. İran üzdə nə qədər antiqərb görünsə də, arxa planla onların müəyyən işbirliyi var. Son bir neçə gün öncə İran Prezidentinin də Qərb mətbuatına verdiyi müsahibədən aydın şəkildə görməkdəyik ki, İran Qərblə, xüsusən də ABŞ-nin yeni administrasiyası ilə münasibətləri düzəltməyə çalışır. Nəzərə alsaq ki, İranın Qərblə kifayət qədər ciddi lobbisi var və İran tarixən Qərbin əlində bölgədə bu və ya digər dövlətlər, xüsusilə də Türkiyəyə qarşı təzyiq mexanizmi kimi istifadə edilir. Bu baxımdan İranın bu məsələyə kəskin reaksiya verəcəyini düşünmürəm. O ki qaldı Rusiyanın maraqlarına, bu ona nə qədər zidd olsa da, Ukrayna ilə müharibədən dolayı gücünü itirmiş, həm də beynəlxalq nüfuzuna xələl gəlmiş Rusiya Ermənistanda hansısa ciddi addım atmaq imkanında deyil. Paşinyan hakimiyyətinə edəcək təzyiq mexanizmləri də kifayət qədər məhduddur. Xüsusilə də enerji sektorunda Ermənistana ediləcək təzyiqlərin qarşısını almaq üçün arxa planda ABŞ ilə İran müəyyən qədər razılaşa bilərlər. Rusiyanın əgər ehtimal olunan qaz kəsintilərinin kompensasiya edilməsi üçün İran öz ərazisindən Ermənistana ötürülən qazın həcmini artıra bilər".
Zeynəb Rzayeva