İşğaldan azad olunmuş torpaqlarda yeni həyat: ilin yekunları və gələcəyə baxış – ÖZƏL

2024-cü ilin sonuna yaxınlaşarkən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin uğurla davam etməsi diqqət mərkəzindədir. Artıq həmin ərazilərdə məskunlaşanların sayı 34 min nəfərə çatıb. Bu rəqəm yalnız bir statistika deyil, illərlə yurd həsrətində olan insanların doğma torpaqlarına geri qayıtmasının göstəricisidir. Dövlətin birbaşa dəstəyi ilə həmin bölgələrdə həyatın yenidən canlanması, yeni iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası insanların yaşayış səviyyəsini yaxşılaşdırır.

Bu ərazilərdə salınan yeni məktəblər, xəstəxanalar, su və elektrik təchizatı sistemləri həyatın normal axarını təmin etmək üçün əsas şərtdir. Güzəranını bu torpaqlarda yenidən quran insanlar həm dövlətin qayğısını hiss edir, həm də öz işləri ilə bu torpaqların bərpasına töhfə verirlər. Hər gün tikilən evlər, istifadəyə verilən ictimai obyektlər böyük qayıdış planının uğurla həyata keçdiyini sübut edir.

*Qazaxın 4 kəndi: Qətiyyət və iradə ilə qazanılmış zəfər*

İlin ən mühüm hadisələrindən biri isə Qazax rayonunun işğalda olan 4 kəndinin qaytarılmasıdır. Bu hadisə Ermənistan hakimiyyətinin xoş niyyətindən deyil, məhz Prezident İlham Əliyevin qətiyyətli siyasətindən irəli gəlmişdir. Ermənistan hökumətinin uzun müddət bu kəndlərdə qanunsuz fəaliyyət göstərməsi beynəlxalq hüququn kobud pozulması idi. Lakin Azərbaycanın prinsipial mövqeyi və güclü siyasi iradəsi nəticəsində Ermənistan həmin kəndləri qaytarmağa məcbur oldu.

Bu kəndlər Azərbaycan tarixinin bir parçasıdır. Onların tarixi, işğal dövründə qarşılaşdığı talanlar və yenidən Azərbaycan idarəçiliyinə qayıtması xalqımız üçün böyük əhəmiyyət kəsb edir. İndi isə həmin kəndlərdə bərpa işləri başlayıb, sakinlərin təhlükəsiz geri dönüşü üçün hər cür şərait yaradılır. Qazax istiqamətindəki bu qələbə, işğaldan azad olunmuş digər ərazilərdəki uğurlarla birlikdə, Azərbaycanın öz torpaqlarını qorumaq əzmində olduğunu bir daha sübut edir.

Bu ilki nailiyyətlər bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi təkcə fiziki tikinti işlərindən ibarət deyil. Bu, həm də ruhun, mənəviyyatın bərpasıdır. İnsanlar öz doğma torpaqlarına qayıdaraq, həyatlarını yenidən qurur, tarixlərini yaşadır və gələcəyi birlikdə inşa edirlər.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31