Azərbaycanın Rusiyadan müəyyən gözləntiləri var– ÖZƏL
28 Dekabr 2024 11:18 Siyasət"Baş verən bu hadisə böyük bir faciədir və Azərbaycan tərəfi Rusiya ilə normal münasibətləri olan bir ölkə kimi Rusiyadan müəyyən gözləntiləri var. Bu gözləntilər də ondan ibarətdir ki, Rusiya mediasının yaydığı məlumatlar həqiqəti əks etdirmir. Artıq sübut olunub ki, bu hadisə hansısa quş sürüsü, yaxud pis hava şəraiti nəticəsində baş verməyib. Hadisə konkret olaraq Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasından qaynaqlanır".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu prosesdə suallar kifayət qədərdir ki, bunlar cavablanmalıdır. Belə ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri böyük ehtimalla özfəaliyyətlə məşğul olmuş, məsuliyyət hissini itirib, hava məkanını bağlamayıblar. Ərazilərə PUA hücumlarının olması ilə bağlı tədbirlər görülməli idi. Hava sahəsi bağlanmayıb və təyyarə başqa yönə istiqamətləndirilməyib. Qroznı aeroportunun dispetçer xidməti bizim ekipajla əlaqəyə çıxmalı, bölgədə PUA hücumlarının olduğuyla bağlı məlumat verərək onları başqa istiqamətə yönləndirməli idi. Heç bir məlumat verilmir, təyyarə Qroznı hava limanına eniş etmək istəyən vaxt onun radioelektron sistemləri söndürülür və uçuşa qəbul edilmir. Bu hadisə 3 dəfə təkrarlanır və ardınca təyyarə raket hücumuna məruz qalır. Beynəlxalq hüquqa görə də belə bir vəziyyətdə təyyarə ən yaxın hava limanlarına yönləndirilməli və eniş edilməlidir. Baxmayaraq ki, Qroznı hava limanına yaxın bir neçə hava limanı var. O ərazilərə endirmək əvəzinə Rusiya tərəfinin Hava Hücumundan Müdafiə Qüvvələri nə törətdiklərini çox yaxşı bildiklərindən izi itirmək məqsədilə təyyarəni Aktau istiqamətinə yönləndiriblər ki, bu özü də bir cinayətdir. Azərbaycanın hazlrda Rusiyadan gözləntisi Rusiya tərəfinin bu hadisəni etiraf etməsi və üzrlə birgə təzminatın ödənilməsidir. Təzminatdan daha önəmlisi hadisəni etiraf edib, üzr istəməkdir. Rusiya tərəfi isə hələ də bununla bağlı susqunluq nümayiş etdirir. Bu da tərəflər arasında etimadı azaldacaq hadisədir. Rusiya tərəfi doğurdan da bu hadisə ilə bağlı hansısa etirafları etməsə, ölən və yaralananlara kompensasiya ödəməsə, bu ölkələr arasındakı münasibətlərə xələl gətirəcək. Rusiya tərəfinin hadisəni gizlətmə, yaxın 4 aeroporta yönləmdirməmə səbəbi isə Hava Hücumundan Müdafiə Qüvvələri etdikləri səhvi bildikləri üçün bunun izini itirmək məqsədilə təyyarəni daha uzaq məsafəyə-Aktauya göndəriblər. Bununla da belə düşünüblər ki, təyyarə daha uzaq məsafəyə gedə bilməz və qəza nəticəsində dənizə düşə bilər ki, bu da izlərin tamamilə itməsinə səbəb olacaqdır. Amma xoşbəxtlikdən vəziyyət fərqli cür alındı, pilotların peşəkarlığı və fədakarlığı nəticəsində təyyarə eniş edərək, heç olmasa 29 nəfərin sağ qalmasına şərait yaradıb. Artıq videomateriallar, hadisənin şahidləri də var ki, bunlar danılmaz faktlardır".
Zeynəb Rzayeva